Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Daşları hissiyyatla "oxumaq": İnsan dühası və 3D ilə yeni sirləri açılan Qobustan
Qobustanda qoruq əməkdaşlarından ibarət xüsusi qrup tərəfindən aparılan son tədqiqatlar zamanı yeni təsvirlər aşkar edilib. Eyni zamanda, qayaların 3D modelinin hazırlanması prosesi davam edir.
Proseslə əyani tanış olmaq üçün Oxu.Az-ın əməkdaşları Qobustan Milli Tarixi-Bədii Qoruğunu ziyarət ediblər.
Bizi qoruğun əməkdaşları qarşılayırlar. Öncə muzeyin binasına baş çəkirik. Muzeyin açılışı 2011-ci ildə olub. İki mərtəbədən ibarət olan muzeydə artıq təsvirlərin elektron variantları da yerləşdirilib. Xüsusi sensorlara toxunmaqla təsvirlər haqqında məlumat almaq mümkündür.
Eksponatlar arasında özünü zaman maşınından eramızdan minilliklər öncəyə düşmüş kimi hiss edirsən. Əcnəbi dillərdə danışıqlar eşidirik: xarici turistlərdir. Qayalıqlar üzərindəki rəsmlərin fotolarına, bəzək əşyalarına, digər eksponatlara diqqətlə baxıb, müzakirə aparırlar.
Muzey uşaqların ziyarəti üçün də çox əlverişlidir. Ekranlara yerləşdirilmiş məlumatlarda ibtidai insanların yaşadıqları məkanlar, həyat tərzi, qidaları və s. fotolar vasitəsilə indiki dövrlə qarşılaşdırılır, müqayisə edilir.
Açıq səma altındakı muzeyi görməyə tələsirik.
Qayalıqlarla muzey binası arasında xeyli məsafə var. Böyükdaş dağında qayaların 3D hazırlanması ilə bağlı tədqiqatlar aparıldığından birinci oraya yollanırıq. Dağın yuxarı hissəsindəki, divarlarını əcdadlarımızın sənət əsərinə çevirdikləri, yarıaçıq yaşayış, sığınacaq yeri olan Ana zağa mağarasına daxil oluruq. Burada 2022-ci ilin avqustunda Mezolit dövründən əvvələ aid olan beş-altı yaşlı uşağın ayaq sümüyü tapılıb.
Qobustan qoruğunun əməkdaşı Elgün Pirverdiyev 3D modelinin hazırlanma prosesindən danışır:
"Qoruqda ilk dəfə 2016-cı ildə qayaların 3D modelinin hazırlanmasına başlanılıb. Qayaüstü təsvirlərin 3D modelləşməsi zamanı yeni çoxsaylı təsvirlər aşkar olunub, qeydiyyata alınıb. Prosesin ilk mərhələsinə Cingirdağ dağı ərazisində start verilib. Qeyd edək ki, elə qoruqda ilk tədqiqat işləri də 1939-cu ildə Cingirdağ ərazisində başlanılıb.
3D modelləşmə metodunun tətbiqində məqsəd qayaüstü təsvirlərin elektron məlumat bazasının yaradılmasıdır".
E.Pirverdiyev təsvirli qayaların 3D modelinin hazırlanması üçün əvvəlcə onların fotosunun çəkildiyini qeyd edir:
"Şəkilləri müxtəlif proqramlara yükləyirik və qayanın modeli əyani çıxarılır. Daha sonra digər proqram vasitəsilə süni işıqla kölgə yaradırıq. Sxematik təsvir varsa, süni işığı fırladan zaman modeli formalaşdırır.
Köhnə texnologiya zamanında elmi tədqiqat işlərində nə qədər əhəmiyyətli rol daşıyırdısa, hazırda elmi tədqiqat işlərində yeni texnologiyar və metodların tətbiqi də o qədər əhəmiyyətlidir.".
Qoruq əməkdaşı təsvirləri hiss etdiklərini bildirir:
"3D vasitəsilə Paleolit dövrünə aid təsvirlər üzə çıxıb. Proses bitəndən sonra təsvirlərin eskizi çəkilir və müqayisə olunur. Əvvəl qaya üzərində əgər beş təsvir aşkar olunub qeydə alınıbsa, yeni aşkar olunan təsvirlər də eyni formada qayanın nömrəsi göstərilməklə qeydiyyata alınır.
İşin icrasında ərazi və qayaüstü təsvirlər barədə bilik, metoddan istifadədə peşəkarlıq və vərdiş önəmlidir. Bu hissiyyatla da əlaqəlidir. Məsələn, bəlkə də, siz görmürsünüz, amma burada mən hazırda yeni təsvirlər görürəm. O da işimizlə əlaqədardır. Bir qayada yeni təsvirin çıxacağını ehtimal ediriksə, yanılmırıq. Demək olar ki, hər zaman yeni təsvir aşkarlanır. 300-400 daş üzərində tədqiqat aparmışıq".
Elgün Pirverdiyev yeni texnologiyalara daim ehtiyac olduğunu vurğulayır:
"Bunu ediriksə, daha yaxşılarını da bacararıq. Yaşadığımız dövr də imkan verir. Çünki təsvirlər aşınmaya məruz qalır, hava faktoru da təsir edir. Yeni proqramlar vasitəsilə görünməyənləri görə bilərik. Düzdür, bir daşın 3D modelinin hazırlanması günlərlə vaxt apara bilər. Relyefimiz mürəkkəbdir, enişli-yoxuşludur, ancaq işimizə maraq güclü olduğundan, maneə deyil, artıq bu, bizim həyat tərzimizə çevrilib".
Qoruğun əməkdaşı Günay Verdiyeva Cingirdağda 500-dən çox yeni təsvirin aşkarlandığını söyləyir:
"Cingirdağda ümumi qayaüstü təsvirlərin elektron məlumat bazası hazırdır. Biz artıq Böyükdaşda tədqiqatların ikinci mərhələsindəyik. Müasir texnologiyadan istifadə etdiyimizdən əvvəlki dövrlərdə qeydə alına bilməyənlər proqramlar vasitəsilə daha aydın görünür".
G.Verdiyeva təsvirlərin tarixindən bəhs edir:
"Ümumi olaraq Qobustanda 7 000-dən çox qayaüstü rəsm aşkar olunub. Təsvirlərin tarixi üst Paleolitin sonundan orta əsrlərə qədər davam edir. Böyük xronoloji eranı əhatə edir.
Xarici əməkdaşlıqlar da mövcuddur və getdikcə artırılır. Keçən ilin avqustunda İspaniya və İtaliyadan olan yerli mütəxəssislərlə layihəni bölüşdük. Əldə etdiyimiz təsvirlər müxtəlif seminarlarda nümayiş olunur, təbliğat aparılır. Qobustan bəşəriyyətə məxsus mədəniyyət abidəsidir".
Qobustan qoruğuna gəlib, qavaldaşa toxunmamış getmək günah olar. Əhəng daşından ibarət bu qaya parçasının içində böyük qovuqlar olduğundan başqa bir daşla toxunanda cingiltili səs çıxır. Onun hələ Neolit dövründə musiqi alət kimi istifadə olunduğunu müvafiq qayaüstü təsvirlər də sübut edir. Qobustanda iki ədəd qavaldaş qorunur. İlk baxışdan digər daşlardan fərqləndirmək mümkün deyil, ancaq toxunmaqla bilmək olur.
Bu zaman muzey binasında rastlaşdığımız əcnəbi turistlər də qavaldaşın ətrafına toplaşır, daşa toxunurlar. Fərqli ritm də olsa da səs çıxarırlar..
Qobustan qayalıqları sanki ayrı bir dünyadır. Sirlərlə dolu keçmişə açılan bir pəncərədir. Bu pəncərədən hər kəs bir dəfə də olsa baxmalıdır...
Nəzrin Vahid
"Qobustan" teqi üzrə xəbərlər
- Qobustan Qaya Sənəti Mədəni Landşaftına və Palçıq Vulkanları Kompleksinə mediatur təşkil olunub
- Qobustan şamanı: "Bəşəriyyətin taleyi Bakıda həll olunacaq"
- Qobustanda QƏTL: "Günel "boğ məni" dedi, mən də boğdum"
- Bakıda zavodda kütləvi dava: İş yoldaşının başını dəmir parçası ilə yardı
- Qobustan qəsəbəsinin sakinləri yolların baxımsız olmasından ŞİKAYƏTÇİDİRLƏR
Rəylər