Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
COP29 rəsmisi: "İqlim dəyişmələri ilə mübarizədə gənclərin rolu olduqca vacibdir"
"İqlim dəyişikliyi hazırda dünyanın üzləşdiyi qlobal problemlərdən biridir və bununla mübarizədə hər bir fərd əlindən gələni etməlidir".
Bunu "Report"a müsahibəsində COP29 Əməliyyat Şirkətinin İşçi Qüvvəsi Departamenti üzrə Direktoru Atif Qəmbərov deyib.
Müsahibəni təqdim edirik:
- İlk olaraq bilmək istərdik ki, iqlim dəyişikliyi ilə mübarizədə gənclərin rolunu nədə görürsünüz?
- İqlim dəyişmələri ilə mübarizədə gənclərin rolu olduqca vacibdir. İqlim dəyişikliyi hazırda dünyanın üzləşdiyi qlobal problemlərdən biridir və bununla mübarizədə hər bir fərd əlindən gələni etməlidir. Gənclər ölkəmizin gələcəyidir və onların düzgün məlumatlandırılması, bu istiqamətdə maarifləndirilməsi dünyanın gələcək inkişafına mühüm təsir göstərəcəkdir. COP29 Könüllülərinin böyük əksəriyyəti Azərbaycan gəncləridir və biz də öz növbəmizdə gənclərimizin sosial məsuliyyətli, ekoloji fəal yetişdirilməsinə xüsusi diqqət yetiririk.
Bununla yanaşı, gənclərin ekoloji məsələlərlə bağlı biliklərini artırmaq və onların daha peşəkar şəkildə yetişməsinə dəstək vermək üçün COP29 Akademiyasını yaratdıq. 22 iyul-1 sentyabr tarixləri arasında fəaliyyət göstərən Akademiya intensiv təlimlər və inkişaf proqramları ilə seçilmiş 29 gəncə geniş biliklər qazandırdı. İştirakçılar stresin idarə edilməsi, münaqişələrin həlli, liderlik və komanda işi kimi yumşaq bacarıqlar öyrənməklə yanaşı, müxtəlif departamentlər - dayanıqlılıq, media əməliyyatları, nəqliyyat və s. üzrə təqdimat sessiyalarında iştirak edərək, praktiki biliklərini dərinləşdirdilər.
Daha sonra seçildikləri departamentlərdə sınaq müddəti keçən iştirakçılar nəzəri biliklərini praktikada tətbiq etdilər. Bu təcrübə mərhələsi gənclərə real iş mühitində bacarıqlarını inkişaf etdirmək və gələcəkdə ekoloji layihələrdə daha fəal iştirak etmək imkanı yaratdı. Nəticədə, Akademiya iştirakçıları COP29 Azərbaycan Əməliyyat Şirkətinin müxtəlif departamentlərinin əməkdaşları kimi işə cəlb olundular.
- COP29-da könüllülərin iştirakının əsas məqsədi nədir? Onların əsas fəaliyyəti nədən ibarət olacaq?
- İrimiqyaslı beynəlxalq tədbirlərin təşkilini könüllülərin iştirakı olmadan təsəvvür etmək çətindir. Nəzərə alaq ki, COP29 beynəlxalq miqyasda keçirilən bir tədbirdir və belə tədbirlərdə gənclərin iştirakı onların gələcək inkişafı baxımından son dərəcə vacibdir. Belə ki, könüllülərimiz bilavasitə tədbirin təşkilati işlərinə cəlb olunaraq fərqli sahələrdə öz işinin peşəkarları ilə eyni komandalarda çalışmaq imkanı əldə edirlər. Sözsüz ki, karyeralarının başlanğıcında olan gənclər üçün belə bir imkanın yaradılması onların həm fərdi, həm də peşəkar inkişafı baxımından vacibdir. Təsadüfi deyil ki, bu günə qədər komandamız tərəfindən tədbirlərə cəlb edilmiş və yetişdirilmiş gənclərin hazırda fərqli sahələrdə öz sahələrinin peşəkarları kimi fəaliyyət göstərməsi işimizin səmərəliliyinin real göstəricisidir.
COP29 tədbirində də könüllülərimiz istər qonaqlarla işin qurulması, istərsə də əməkdaşlar və BMT nümayəndələri ilə aparılacaq işlərin təşkilində bizimlə çiyin-çiyinə çalışacaqlar. Onu da qeyd etmək istərdim ki, 19 oktyabrdan etibarən fəaliyyətə başlamış Uniforma Paylanması və Akkreditasiya Mərkəzində könüllülərimiz artıq işə başlayıb. Onlar COP29 tədbirinə cəlb ediləcək fərqli komandaların uniforma və akkreditasiyalarının paylanmasında bizə yaxından dəstək olurlar.
- Hazırda COP29 könüllülər proqramına neçə nəfər cəlb olunub? Seçim prosesində əsas hansı meyarlara üstünlük verilib?
- Fəxrlə qeyd etmək istərdim ki, komandamızın cəlb edildiyi daha öncəki tədbirlərdə olduğu kimi COP29 könüllülər proqramında da rekordlara imza ata bildik. 29 may tarixində qeydiyyatı elan etdikdən 24 saat sonra COP29 Könüllülər Proqramına 9000 nəfərdən çox insan müraciət etmişdi. Ümumi müraciətçi sayı 16000 nəfərdən çox olsa da, planlama mərhələsinin nəticəsi olaraq konfrans üçün 3000 nəfər könüllünün cəlb edilməsi qərara alınmışdı. Sözsüz ki, planlaşdırılan saya çatmaq və könüllülərin hazırlıq prosesini səmərəli təşkil etmək üçün fərqli seçim mərhələlərini tətbiq etdik. 4 mərhələdən ibarət olan seçim mərhələsinin ilk mərhələsi müraciətçilərin qeydiyyatlarının yoxlanması idi. Bu mərhələdən uğurla keçən 10000 nəfər növbəti mərhələyə, yəni müsahibələrə dəvət aldı. Müsahibə mərhələsində biz onların motivasiyasına, xarici dil bilikləri və komandada iş bacarıqlarına xüsusi diqqət yetirirdik. Sözsüz ki, bəzi könüllü iş sahələrinin tələblərini nəzərə alaraq fərqli sahələrdə könüllülərimizin təcrübəsini də qiymətləndirdik. Müsahibə mərhələsini uğurla keçən könüllü namizədlərimiz sonda Ümumi və Rol təlimlərinə dəvət olundular. Bu mərhələdə seçimlər ilk olaraq İşçi qüvvəsi komandası, daha sonra isə könüllülərin işləyəcəyi COP29 ƏŞ-nin fərqli departamentlərinin komandaları tərəfindən aparıldı.
- COP29-a hazırlıq çərçivəsində könüllülərə hansı təlimlər keçirilir, onları tədbirə necə hazırlayırsınız?
- Daha əvvəl vurğuladığımız kimi, COP29 beynəlxalq səviyyəli bir tədbirdir və biz bu tədbirə hazırlıq mərhələsində könüllülərimizin təliminə xüsusi əhəmiyyət verdik. Könüllülərimiz tərəfimizdən təşkil edilən "Ümumi təlimlər" və "Rol təlimləri" kimi fundamental təlimlərə cəlb edilməklə yanaşı, dayanıqlılıq və fərdi inkişaf istiqamətində fərqli təlimlərə cəlb edildilər. Onlar "Liderlik", "Kommunikasiya bacarıqları", "Ekoloji və sosial dayanıqlılıq", "Müyəssərlik" və bu kimi fərqli mövzuları əhatə edən təlim və seminarlarda iştirak edərək vacib biliklər əldə etdilər. Eyni zamanda komandamız tərəfindən həm könüllülərimiz, həm əməkdaşlarımız, həm də bütün cəmiyyətimizin dayanıqlılıq sahəsində maarifləndirilməsi üçün "E-learning" onlayn öyrənmə platforması üzərindən təlimlər təşkil edildi. Düşünürük ki, dayanıqlılıqla bağlı məlumatların ötürülməsi hər kəs üçün vacib və əhəmiyyətlidir. Könüllülər üçün həyata keçirdiyimiz təlim prosesi onların seçimi baxımından da bizim üçün əhəmiyyətlidir. Belə ki, hər təlimdə komandamız tərəfindən iştirakçıların xüsusi qiymətləndirilməsi aparılırdı ki, bunun da əsas məqsədi sonda ən yaxşı könüllülərin seçilərək fərqli departamentlərə təhvil verilməsi idi.
- Bundan əvvəlki COP tədbirindəki könüllülük proqramının təcrübəsindən istifadə edilibmi? Gələcəkdəki COP tədbirlərinə Azərbaycanın bu yöndə hansı təcrübəsini ötürəcəyini düşünürsünüz?
- Bildiyiniz kimi, COP hər il fərqli ölkələrdə təşkil edilən dünya miqyaslı tədbirlərdəndir. Planlama mərhələsində biz daha öncə keçirilmiş COP konfranslarının təcrübəsini araşdırdıq. BMT-dən olan həmkarlarımızla könüllülərin daha əvvəl keçirilmiş COP tədbirlərində gördükləri işlərlə bağlı müzakirələr apardıq və onların könüllülərdən olan gözləntilərini öyrəndik. Azərbaycanda könüllülük fəaliyyəti yüksək səviyyədə inkişaf edib və bizim könüllülərə olan yanaşmamız və bu sahədə təcrübəmiz xarici həmkarlarımıza çox maraqlı gəldi. Belə ki, komandamız tərəfindən daha öncə heç bir COP tədbirində olmayan könüllülər proqramı həyata keçirildi. Könüllülərin fərdi və peşəkar inkişafına xüsusi diqqət yetirildi və könüllülər bu qlobal konfransa peşəkar formada hazırlandı. Bununla birgə könüllülərimiz fərqli ekoloji tədbirlərdə və təlimlərdə iştirak etdilər ki, bu da onların fərdi inkişafı və sosial məsuliyyəti baxımından vacib addımlardandır. Bizi fərqləndirən digər vacib məqamlardan biri də COP29 Könüllülər Mərkəzinin olması idi. Könüllülərlə bağlı bütün əməliyyatlar məhz bu mərkəzdən idarə olunurdu. Əminliklə deyə bilərəm ki, COP29 Könüllülük Proqramı bu sahədə yeni standartlar formalaşdırdı və bundan sonra təşkil ediləcək COP tədbirlərində Azərbaycanın könüllülər proqramının irsindən istifadə ediləcək.
"COP29" teqi üzrə xəbərlər
- COP29-un on birinci günü: Paris Sazişinin 6-cı maddəsi ilə bağlı razılıqlar əldə olundu
- Ekspertlər iqlim dəyişikliyi ilə mübarizədə qadınların rolunun vacibliyini vurğulayıblar
- Bakıda keçirilən COP29-un on birinci günündən FOTOREPORTAJ
- COP29 çərçivəsində "City for People in Baku" tədbiri keçirilib
- "Haber Global": "Bakıda Türkiyə banklarının iqlim hədəfləri müzakirə edildi"
Rəylər