Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Çətinliklə qarşılaşan valideynlər - üç minə yaxın uşaq niyə birinci sinfə QƏBUL EDİLMƏYİB?
Mayın 1-dən bu günədək 127 mindən çox uşaq I sinfə qəbul edilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumata görə, 2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir.
Qeyd edilib ki, 2024-2025-ci illər üçün 130 min məktəbyaşlı uşağın qeydiyyatdan keçməsi proqnozlaşdırılır. Proqnozlaşdırılan şagirdlərin sayı ilə qeydiyyatdan keçən uşaqların arasında üç minə yaxın fərq var. Sentyabrın 15-dək üç min uşağın valideyninin də məktəblərə müraciət etməsi gözləniləndir.
Lakin hazırda məktəblərdə 5 yaşlılar üçün məktəbəhazırlıq qrupları təşkil olunduğu üçün proqnozun dəqiq aparılması mümkündür.
Bəs üç minə yaxın uşağın qeydiyyatdan keçməməsinə səbəb nə ola bilər? Qeydiyyat onlayn aparıldığı üçün məlumatsız valideynlər çətinliklə qarşılaşa bilərmi və yaxud ucqar məktəblərdə şagird çatışmazlığından məktəbyaşlı uşaqlar növbəti ilə saxlanıla bilərmi?
Mövzu ilə bağlı Bizim.media-ya danışan təhsil sahəsi üzrə ekspert Elşən Qafarov deyib ki, məktəbdə bir şagird olsa, təhsil müəssisəsi fəaliyyətini davam etdirir:
"Azərbaycanda hazırda 4 431 məktəb var, onun 32-si özəl, 4 399-u dövlət məktəbidir. Dövlət məktəblərinin 7-də cəmi bir şagird təhsil alır. Bunlar əsasən, ucqar kəndlərdədir. Dövlət konstitusiyanın 42-ci maddəsinə uyğun olaraq hər bir vətəndaşın təhsil almaq hüququnu təmin edir. Hətta məktəbdə bir şagird olsa belə, məktəb fəaliyyətini göstərir.
Qeydiyyatdan keçmək üçün 3000 uşağın müraciət etməməsinə gəldikdə isə bu rəqəmlər proqnazlaşdırılıb. Proqnozda 8-12 faiz yanlışlıq ola bilir. 130 mindən 3 min uşaq qeydiyyata düşməyib, bu da təxminən 1.0-1.5 faiz edir".
Ekspert hesab edir ki, müraciət etməyənlər dərs başlayana qədər müraciət edə bilərlər:
"Hazırda uşaqların məktəbə qəbulu və yerdəyişməsi qaydaları 6 noyabr 2014-cü il tarixli təhsil nazirliyinin kollegiya iclasının 1/3 nömrəli qərarı ilə həyata keçirilir. Həmin qaydalarda göstərilir ki, uşaqların məktəbə qəbulu 15 sentyabra qədər davam edir. İstisna hallarda, yəni hər hansı səbəbdən ailələr müraciət edə bilmir, ona görə də oktyabr ayı ərzində də birinci sinfə qəbul davam etdirilə bilər.
Biz bilirik ki, 2019-cu ildən ölkədə bütün uşaqların və şagirdlərin məktəbə qəbulu və yerdəyişməsi qaydaları elektron qaydada həyata keçirilir. Bu sistem dövrü olaraq açılır və bağlanır. Düşünürəm ki, yerdə qalan uşaqlar da müraciət edəcəklər".
I sinfə qəbul olan şagirdlərin 25-30 faizi X sinfə keçmir
O, bölgələrdə şagird çatışmazlığı üzündən bağlanma təhlükəsi ilə üzləşən təhsil müəssisələrindən də söz açıb. Müsahibimizin dediyinə görə, ucqar bölgələrdə olan şagirdlər həmin ərazidə olan daha yaxın məktəbə yerləşdirilirlər:
"Hətta yay aylarında belə valideynlərlə mütəmadi söhbətlər aparılır, bir çox valideyn övladını təhsil almaq üçün məktəb olmayan kəndlərdən məktəb olan kəndlərdəki yaxın qohumlarının evlərinə yerləşdirirlər. Düşünürəm ki, bunun məktəblərin bağlanması və birləşdirilməsi ilə heç bir əlaqəsi yoxdur.
Ən böyük problemimiz birinci sinfə qəbul olan şagirdlərin X sinfə keçməsi ilə bağlıdır. Yəni I sinfə qəbul olan şagirdlər X sinfə keçəndə 25-30 faizə yaxın uşaq itiririk. Birinci sinfə qəbul etdiyimiz hər 100 şagirddən 70-75-i X sinifdə təhsilini davam etdirir".
Rəylər