Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bir yerdə ki müğənni ağıl verir, oradan qaçmaq lazımdır...
Kubra Məhərrəmova yazır...
Bir yerdə ki müğənni ağıl verir, oradan qaçmaq lazımdır. Hər halda nə demək istədiyimi təxmin etdiniz.
Sonra da deyirik ki, niyə Türkiyə şou-biznesində layiqli, ləyaqətli müğənnilər var, bizdə yoxdur? Türkiyədə bir hadisə baş verəndə bu adamlar öz təsir güclərindən istifadə edərək dəstək kampaniyaları aparır, yardımlar yığır, xülasə səfərbər olurlar.
Bizimkilərin isə əksəriyyəti dilənçi “rejimində” çalışırlar.
Ömür boyu toyda oxuyub pul qazanırlar, sonra dövlətdən ev, fəxri ad, bağ evi istəyirlər.
Hələ bir arsızcasına da deyirlər ki, “biz xalqa xidmət etmişik”. Adamın da əli üzündə qalır ki, “ay xanım, pulunu alıb məclis aparmısan, nə xalqa xidmət?”. Bu nə havalardır belə?
Bircə bu fəxri adlar ləğv olunsaydı, daha səslərini başlarına atıb “mən xalq artistiyəm” deyib çığırmazdılar.
Bunu da mütləq qeyd edim ki, bizdə beş-on nəfər əsl sənətkar var ki, (yaşlarından asılı olmayaraq) istedadından əvvəl şəxsiyyəti, sambalı, intellekti gəlir. Sözü də, danışığı da, yaşadığı həyat da ona baş ucalığı gətirir.
Geridə qalanı isə ... Nə ağlı var, nə istedadı, nə də şəxsiyyəti. Pula görə hər rəngə, hər sifətə düşürlər. Sonra da əlləri pula çatanda olurlar “korifey” sənətkar. Sən də baxıb deyirsən ki, “ay xanım, axı sizin həyat və fəaliyyət yolunuzu bilirik. Hansı yollarla, hansı sahədə korifey oluduğunuzu da bilirik. İndi bu nə ağıl vermək, “professorluq” etmək sevdasıdır belə?
Bəzilərini isə kimsə aldadıb ki, “bunlar guya dünya şöhrətli müğənnidirlər”. Bunların da ağılları çıxıb başlarından...
Bütün məsuliyyəti üzərimə götürüb deyirəm ki, bunlardan nəinki müğənni, heç tamada da çıxmazdı. Gəl ki, bizim xalq bunları qaldırıb qoyub dağ başına, pullu da səpib başlarından.
Bu müğənni əhli də olub qoçu, bildiyiniz reket...
Harada xoşlarına gəlməyən şəkillər, videolar çıxır, hədə-qorxu gəlib, hay-küy salıb sildirirlər. Allah eləməsin, kimsə bunlardan bir xəbər yazanda da zəng eləmədikləri adam qalmır ki, xəbəri yox eləsinlər.
Daha başa düşmürlər ki, bunlar imam övladı deyillər. Hansısa şəkilləri ilə möhtəşəm reputasiyalarına bundan o tərəfə daha xələl gələsi deyil. Hər birinin də adı üstündədir.
İndi deyəcəksiniz ki, nə oldu birdən? O oldu ki, özünə “diva” deyən, özünü ABŞ-nin şou-biznesində görən Aygün Kazımovanın bu yaxınlarda bir fotosu ictimailəşdi.
Adi, sıradan, səhnədə çəkilən bir foto. Adamın hikkəsindən düşmədiyi sayt qapısı, redaksiya qalmadı. Kimdənsə yalvar-yaxarla, kimdənsə xahişlə fotonun dəyişdirilməsini istədi. Sosial şəbəkələrdən fotosunun itməsinə çalışdı. Əgər Bulqakovu oxuyubsa bilməli idi ki, “əlyazmalar yanmır”. Həmçinin əgər bir foto internetin okeanına düşübsə, deməli o foto heç vaxt itməyəcək. Ola bilsin ki, bir müddət dərinliyə düşəcək, amma sonra yenidən üzə çıxacaq.
Niyə? Çılpaq idimi? Paltarı cırılmışdımı?
Qətiyyən. Sadəcə fotonun üstündə effekt yox idi. Necə idisə, elə də o fotoda idi. Üzündəki qırışlarla, qüsurlarla və s.
Bu isə adamın üzünə necə tərs sillə kimi dəyibsə, adamın eqosu partlayış edib.
Yarım əsr ömür yaşayasan, anlamayasan ki, əgər sən tanınan adamsansa hər cür fotoşəkilin, videon olacaq və cəmiyyət səni necə var elə də görəcək.
Anlamayasan ki, əgər dünya ulduzları da eynilə belə davransaydı onda gərək Rihannanın hamiləlik şəkilləri ortaya çıxmayaydı. Rihannanın şəkil sildirməyə pulu yoxdur bəyəm, yoxsa normal “daydayı” yoxdur ki, bir klikə onun haqqında olan bütün uyğun olmayan məlumatları sildirsin?
Heç kim də deməsin ki, “Amerikada belə şeylər olmur”. Elə qəşəng də olur ki... Dediyim odur ki, dünyagörüşü, düşüncə, düzgün təbliğat və s. başqa şeydir.
Üçüncüsü adam niyə öz yaşını, reallığını qəbul eləməsin ki?
Aygün Kazımova nə vaxtsa ulduz idi, bəlkə indi də kimlər üçünsə ulduzdur. Amma indi səhnəyə elə gənclər gəlib ki, “YouTube”də mahnı qoyur və mahnı 2 saata trendə düşür, milyonlarla baxış yığır, sevilir. Səsi ölkə hüdudlarından kənara çıxır.
Elə uşaqlar var ki, beynəlxalq və tanınmış musiqi leyblləri ilə müqavilə bağlayaraq musiqisini dünya bazarına çıxarırlar. Yeni texnologiya və trendlərin hara getdiyini bilib, ona uyğun musiqi strategiyası qururlar.
İndi bəzi xalq və əməkdar artistlər nə qədər özlərinə əl qatsalar da, bir şeyi qəbul etməlidirlər, onların qatarları çoxdan gedib. Nə əlvan “reytuz”lar, nə dar əlbisələr, nə də gur pariklər onları cavan görünməyə və gündəmdə olmağa kömək edəcək.
Yaş, illər, ötən zaman öz sözünü deyir. Ya bu yaşı qəbul edib, yaşına uyğun davranmalısan, ya da gülünc günə qalacaqsan.
Şəkilləri sildirməklə deyil, özünü ki güzgüdə görürsən...
Rəylər