Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Bayraq adam"ın qardaşı: "Natiqi diri-diri yandırıb külünü də göyə sovurublar ki, ibrət olsun"
"Natiqin yolunu illərlə gözlədik. Anam da, mən də onun sağ-salamat haradansa qayıdıb gələcəyinə çox ümid edirdik. Lakin bir neçə dəfə yazılı mətbuatda onun barəsində gedən xəbərlərdə diri-diri yandırıldığını, xırda-xırda doğrandığını oxuduq. Ondan sonra əlimiz hər yerdən üzüldü. Ölkə başçısı qardaşıma "Milli Qəhrəman" adı verməklə onu yenidən bizə bağışladı".
Bu sözləri Oxu.Az-a Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub-saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilən Natiq Səlim oğlu Qasımovun qardaşı Nofəl Qasımov deyib.
O bildirib ki, qardaşının nə ölüsü, nə də dirisi barədə bu günə qədər heç bir məlumat yoxdur:
"Qəhrəmanlıq göstərən vətəndaşın ölüsü, ya da dirisi olmalıdır ki, ona ad verilsin. Lakin mənim qardaşımın nə meyiti tapıldı, nə də sağ olduğu barədə xəbər aldıq. Uzun illər onun və digər bir neçə şəxsin axtarışları aparılıb. Qardaşımın diri-diri yandırıldığı deyilirdi. O vaxt Allahverdi Bağırov Vitali adlı birindən (Vitali Balasanyanı nəzərdə tutur - red.) soruşub, bizə məlumat verəcəyini demişdi. A.Bağırovun bizə dediyinə görə, cavabları belə olub ki, Natiq onların o qədər əsgərini öldürüb ki, onu diri-diri yandırıb külünü də göyə sovurublar ki, ibrət olsun. Allahverdi Bağırov çox çalışdı ki, bizə bir xəbər gətirsin ki, anam Dursun xanım gözünü yollardan çəksin. Filmdə ("Oğul" filmini nəzərdə tutur - red.) erməni qardaşımın doğranaraq öldürüldüyünü deyir. Biz bu barədə dəqiq məlumat bilmirik, ancaq bu cür ehtimallar səsləndirilir.
Qardaşım xalq tərəfindən heç vaxt unudulmadı. Natiq barədə hamı ən gözəl fikirləri yazırdı. Mən hiss edirdim ki, qardaşımın meyiti tapılmasa da, ona ad veriləcək. Mənim qardaşım Azərbaycanın üçrəngli bayrağını əlindən yerə qoymamışdı. Hamı onu "Bayraq adam", "Bayraq oğlan" kimi tanıyırdı.
Biz Natiqin sağ olmasını çox istərdik. İndi o, xalqın Milli Qəhrəmanı olaraq tanındı. Mən, əslində, ona ad verilməsini Bayraq Günü gözləyirdim. Çünki o, bayrağı əlindən yerə qoymamışdı. Amma ölkə başçısı iyunun 25-də, mənim 64 yaşımın tamam olduğu gün qardaşıma "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi ilə bağlı sərəncam imzaladı. Ali Baş Komandan bizim ailəmizə belə qürur hissi yaşatdı. Ailəmiz adından mən ona dərin təşəkkür edirəm".
Könül Cəfərli