Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakı səmasında möhtəşəm Orionid meteor yağışı NƏDƏN YARANIR?
Ötən gecə Bakı sakinləri nadir və heyrətamiz bir astronomik hadisənin - Orionid meteor yağışının şahidi olublar.
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə gecə saatlarında paytaxt səmasında onlarla meteorun yaratdığı möhtəşəm mənzərə əks olunub.
Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov Oxu.Az-a açıqlamasında bildirib ki, meteor yağışları kosmik qəlpələrin atmosferə daxil olaraq alışıb-yanması nəticəsində baş verən təbii hadisədir.
"İl ərzində səmada hansı bürcün görünməsindən asılı olaraq, müəyyən istiqamətlərdə meteor selləri müşahidə olunur. Kənd yerlərində, hündür dağların başında adi gözlə də bu prosesi aydın müşahidə etmək mümkündür.
Ötən gün müşahidə olunan meteor seli Orionidlər ailəsinə aiddir. Orionidlər Orion bürcündən gələn və mənşəyi, əsasən, Halley kometinin qalıqları olan meteorlardır.
Kometdən qopub ayrılan müxtəlif daş qəlpələri, buz qəlpələri sürətlə, hətta mən deyərdim ki, meteorlar içərisində ən böyük sürətlə, saniyədə 66 km-ə qədər çatır onların sürəti, gəlir və gecə səmasında Yer atmosferinə daxil olur. Nəticədə atmosferdə alışır və məhv olur. Bəzi iri daşlar isə Yerə gəlib çata bilir. Bunlar Yer səthində balaca kraterlər yaradır və hətta yerin çox dərin qatlarına doğru bata bilər.
İl ərzində, bundan başqa, müxtəlif bürclərdən gələn perseidlər, drakonidlər kimi meteor selləri var ki, onların hamısının təbiəti eynidir. Sürətləri böyük olduğu üçün onları bəzən görməmək də mümkündür", - deyə professor vurğulayıb.
Əzizə İsmayılova
Rəylər