Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakı metrosu nə vaxt rahat "nəfəs alacaq?" - Yeraltı problemin yerüstü səbəbləri
Son dönəmlər Bakı metrosu dolub-daşır desək, yanılmarıq. Xüsusilə axşam saatlarında böyük sıxlıq müşahidə olunur. Bəzi stansiyaları tərk etmək artıq səbir və bacarıq tələb edir. Bu sıxlıqda bir ənənə də formalaşıb. İnsanlar sıxlığın fotosunu çəkmək üçün telefonlarının kameralarını işə salırlar. Amma maraqlıdır ki, sıxlıqla bağlı fotolar daim çəkilir, lakin bir həll yolu görünmür.
Bəs Bakı metrosu sıxlığa niyə dözmür? Problem metrodadır, yoxsa problemi yaradan digər səbəblər var?
"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.
Metronun sözçüsü qeyd edib ki, yeni tədris ili başlayandan sonra Bakı metrosu belə sıxlığa hazır olmalıdır:
"Monitorinqlərin aparılmasının məqsədi də budur. Monitorinqlər iş xatirinə olmur, problemin çıxış yolları ilə bağlı təhlillər edilir, qeydlər aparılır. Dünənki sıxlığa vaqonun qapısında olan nasazlığın xüsusi təsiri oldu. Pik saatlarda hər hansı cüzi nöqsan belə böyük sıxlıq yaradır. Bu vəziyyətlərdə verilən operativ qərarların mahiyyəti yüksəkdir".
O vurğulayıb ki, sıxlıqların artmasının müxtəlif səbəbləri ola bilər:
"Bakı Metropoliteninin monitorinqləri stansiyanın özündə yox, stansiyadan kənarda başlayır. Xüsusilə səhər saatlarında "Koroğlu" və "20 Yanvar" istiqamətləri prioritet təşkil edir. Stansiyadan çıxan sərnişinlərin sayının kifayət qədər çox olması sıxlıq yaradır. Bu zaman sərnişin axınının tənzimlənməsində əlavə işçi qüvvəsindən istifadə olunur. Sözügedən işçi qüvvəsi stansiyaya daxil olan və çıxan sərnişinlərin "toqquşmaması" üçün axını tənzimləyirlər".
B.Məmmədov əlavə edib ki, sərnişinlərin artmasına səbəb olan faktorlar, əsasən, yerin üzərindədir:
"İctimai nəqliyyatda yubanmalar varsa, tıxac müşahidə edilirsə, metropolitenə daxil olan sərnişinlərdə tələskənliyə səbəb olur. Tıxacın erkən başlaması da sıxlığa səbəb olan nüansdır. Yerin altındakı problemlərin başında isə qapıların bəzi sərnişinlər tərəfindən tutulub saxlanılmasıdır. Şəhərdə keçirilən rəsmi tədbirlər, yolların bağlanılması, təmir işləri və sair da sıxlığa səbəb olan amillərdir.
Qısa desək, yerin üzərində tıxac varsa, mənzil başına çatmaq üçün ən optimal variant metrodur. Sərnişinlər sıxlıqda getsələr də, bir neçə qatarı buraxsalar da, qatarların hərəkətində tıxac olmadığı üçün bu nəqliyyat vasitəsindən istifadə edirlər. Metroya axının çoxalması məlum problemə səbəb olur".
Məhərrəm Əliyev