Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Aşura günü ilə bağlı aksiyada tədarük olunan qanın miqdarı açıqlandı
Aşura günü keçirilən qanvermə aksiyası zamanı Bakı şəhəri üzrə 1378, respublikanın digər şəhər və rayonları üzrə isə 935 nəfər könüllü olaraq qan verib.
Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, bu şəxslərdən ümumilikdə 1040 litr qan tədarük olunub.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə bu gün Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilib. Qanvermə aksiyaları respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif ünvanlarda keçirilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları davam edir.
Səhər saat 9:00-dan başlayan qanvermə aksiyalarında saat 12:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 815, respublikanın digər şəhər və rayonları üzrə isə 542 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən ümumilikdə 611 litr qan tədarük olunub.
Qeyd edək ki, qanvermə aksiyaları respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif ünvanda keçirilir.
Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyasında iştirak etmək üçün gələnlər arasında Elm və Təhsil Nazirliyinin, "ASAN xidmət"in, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müxtəlif qeyri-hökumət təşkilatlarının (QHT) könüllüləri də iştirak edirlər.
Oxu.Az-ın məlumatına görə, İlahiyyat İnstitutunda keçirilən aksiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Milli QHT Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə baş tutub.
Aksiyada Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatları Əziz Ələkbərli, Ceyhun Məmmədov, "ASAN Radio"nun direktoru Emin Musəvi, "Türk Hava Yolları" şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Hamid Eldeleklioğlu, 43 QHT-nin üzvləri, tanınmış idmançı Rəsul Çunayev və digər həmkarları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya iştirakçıları ölkəmizdə məhərrəm ayında təşkil edilən kütləvi könüllü qanvermə ənənəsinin əhəmiyyətini vurğulayıb, Aşura günündə zorakılıq etmək, özünə xəsarət yetirmək əvəzinə, qanvermənin daha mütərəqqi bir seçim olduğunu bildirərək, Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi təşəbbüsünün cəmiyyətdə təqdir edildiyini qeyd ediblər. Bu nəcib ənənənin məhərrəmlik mərasimlərinin islam dininin mahiyyətinə uyğun olaraq xurafat elementlərindən kənar, xalqımızın yüksək mədəniyyətinə uyğun keçirilməsində böyük rola malik olduğunu diqqətə çatdırıblar.
Azərbaycan Könüllü Təşkilatlar İttifaqının sədri Yusif Vəliyev Oxu.Az-a açıqlamasında deyib ki, təşkilatın könüllü gəncləri aksiyada aktiv iştirak ediblər:
"Gənclər arasında bu tip xeyriyyə addımlarının atılması qürurvericidir. Burada bizim 100 nəfər könüllü gəncimiz iştirak edir. Onların hər biri səhhəti yol verdiyi halda qan verəcək. Mən özüm də qan verdim. Respublika üzrə 1 000 nəfərdən çox könüllü müxtəlif ərazilərdə keçirilən qanvermə aksiyalarında iştirak edirlər".
Qeyd edək ki, qanvermə aksiyasında toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəlikdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Xatırladaq ki, bu gün qanvermə aksiyaları Naxçıvan Muxtar Respublikası daxil olmaqla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi 35 (ali təhsil müəssisələri, xəstəxana, məscid və ziyarətgahlar) ünvanda keçirilir.
Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir.
Oxu.Az xəbər verir ki, respublika ərazisində fəaliyyət göstərən ibadət evlərində Aşura mərasimi ilə əlaqədar qanvermə aksiyalarına başlanılıb.
Qanvermə aksiyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən İlahiyyat İnstitutunda da keçirilir.
Səhər saat 09:00-dan etibarən qanvermə aksiyasında iştirak etmək üçün onlarla insan instituta üz tutub.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
"Aşura günü 2024" teqi üzrə xəbərlər
- Sizə xəbərimiz var: 17.07.2024-ün ən mühüm hadisələri
- Aşura ilə bağlı qanvermə aksiyasında toplanan qan vətəndaşlara pulla verilir?
- Sizə xəbərimiz var - 16.07.2024-ün ən mühüm hadisələri
- Ceyhun Məmmədov: "Aşurada maarifləndirici tədbirlər səbəbindən neqativ hallar olmur"
- İlahiyyat İnstitutunun rektoru: "Aşurada insanlar qan verməklə bir can xilas edirlər"