Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Assosiasiyadan yumurtanın qiymətinin artması xəbərinə REAKSİYA
Son günlər bir sıra satış şəbəkələrində süfrə yumurtasının qiymətində artım edildiyinə dair məlumatlar yayılır. Bunu Rusiyaya süfrə yumurtasının ixracının başlanmasından sonra guya Azərbaycanda yumurta çatışmazlığının yaranması ilə əsaslandırmağa çalışırlar.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından Oxu.Az-a bildirilib ki, nəinki son günlərdə, hətta son aylarda birlikdə təmsil olunan yumurta istehsalçılarının heç biri tərəfindən yumurtanın müəssisədən çıxış qiymətində artım edilməyib:
"Belə ki, içərisində 360 yumurta olan bir qutunun marketə çatdırılma da daxil olmaqla, qiyməti 53 manat təşkil edir ki, bu da bir yumurta üçün 14,5 qəpik deməkdir. Bu qiymət hətta ötən ilin eyni dövründəkindən bir qəpik ucuzdur.
Bu gün Azərbaycanda gündəlik süfrə yumurtası istehsalı beş milyon ədədə yaxın, gündəlik tələbat isə 3,6 milyon ətrafındadır. İxraca yalnız və yalnız tələbatdan artıq olan yumurta göndərilir.
Biz istehsalçılar olaraq, satış şəbəkələrinə müraciət edirik ki, onlara satış qiymətində hər hansı dəyişiklik etmədiyimiz halda qiyməti artırıb, cəmiyyətimizi narahat edən yalan əsaslandırmalarla əhali arasında ajiotaj yaratmasınlar".
Assosiasiyadan qeyd edilib ki, ölkədə yumurtanın bahalaşması üçün hər hansı iqtisadi əsas yoxdur:
"Azərbaycan dövləti bütün kənd təsərrüfatı istehsalçılarına olduğu kimi, quş əti və yumurta istehsalçılarına da bir sıra mühüm dəstək mexanizmləri tətbiq edir. İndiki şəraitdə ölkəmizdə yumurtanın qiymətinin artırılması üçün hər hansı iqtisadi əsas yoxdur. Buna görə də biz məhsulumuzu əvvəlki qiymətlərlə satış şəbəkələrinə təqdim edirik.
Biz bir daha bəyan edirik ki, Azərbaycanın əsas yumurta istehsalçılarından heç biri topdansatış qiymətlərində hər hansı dəyişiklik etməyib.
Eyni zamanda vətəndaşlarımızı əmin edirik ki, əhalimizin tələbatını ödəyəsi həcmdən daha artıq istehsal var və hər hansı çatışmazlıq mövcud deyil. Satış şəbəkələrinin sizi aldatmasına imkan verməyin".
Rəylər