Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ali məktəblərdə UNİFORMA məsələsi gündəmdə: "Konsertlə universiteti səhv salırlar"
Hər yeni tədris ili başlayanda tələbə və müəllim heyəti arasında təhsil müəssisələrində geyim qaydaları ilə bağlı məsələlər gündəmə gəlir.
Ötən gün də Tibb Universitetinin müəllimlərindən birinin sosial şəbəkədə bu qəbildən etdiyi paylaşım birmənalı qarşılanmayıb. Müəllim paylaşdığı şəkildəki geyim formasında universitetə gələnləri dərsinə buraxmadığını bildirib. Bu davranışla bağlı vətəndaşların fikirləri haçalanıb.
Bir qisim paylaşımı edən müəllimi qınayaraq, təhsilin geyimlə ölçülməməli olduğunu, tələbələrə biliyinə görə qiymət verilməli olduğunu iddia edib, digər qisim isə hər bir tələbənin təhsil ocağında mütləq şəkildə geyiminə fikir verməli olduğunu bildirib.
Maraqlıdır, ali təhsil müəssisələrində vahid geyim normaları müəyyən edilməlidirmi?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, kiminsə tələbə olduğunun aydın olması üçün universitetlərdə vahid formanın tətbiqi yaxşı olardı:
"Azərbaycanda bəzi universitetlərdə vahid geyim forması var. Bunlar ümumi və xüsusi təyinatlı olmaqla iki qrupa bölünür. Xüsusi təyinatlı ali təhsil müəssisələrinə Dövlət Təhlükəsizlik Xidməti Akademiyası, Polis Akademiyası, Fövqəladə Hallar Nazirliyi Akademiyası, Dövlət Sərhəd Xidməti Akademiyası, mülki təyinatlı universitetlərə isə Milli Aviasiya Akademiyası, Gömrük Komitəsi Akademiyasını misal göstərmək olar. Bu müəssisələrdə vahid geyim forması var. Ümumilikdə isə uzaqdan gələn şəxsin tələbə olduğunu bilmək üçün vahid formanın tətbiqini düzgün addım hesab edirəm".
Onun sözlərinə görə, təhsil müəssisələrinin hər biri tələbələrin müvafiq geyim qaydalarına riayət etməsini, etik qaydaları aşmayacaq geyimlər geyinməsini istəyir:
"Ola bilər ki, tələbə universitetə fərqli imic və geyim formasında getsin, lakin onun bilik, bacarıq və potensialı yüksək səviyyədə olsun. Ümumilikdə universitetlərin hər biri tələbələrin müvafiq geyim qaydalarına riayət etməsini, imiclərinin düzgün olmasını, saqqalın olmamasını istəyir. Bu hallarda müəyyən tələblər qoya bilərlər. Lakin bu tələblər tələbənin hüquq və azadlıqlarını əlindən alacaq həddə olmamalıdır.
Könül istər ki, hər bir tələbə cəmiyyətdə özündən aşağı yaş kateqoriyasında olan şagirdlərə örnək olsun. Gəncə baxdıqda onun tələbə olduğu bilinməlidir. O, sosial status baxımından geyimi, imici və savadı ilə fərqlənməlidir. İstisna hallarda universitet müəyyən geyimlərə qadağa qoyursa, bu onun daxili qaydalarıdır və tələbələr də kompromisə getməyi bacarmalı, qaydalara riayət etməlidirlər".
Sosioloq Mail Yaqub bildirib ki, universitetlərə vulqar geyimdə getmək olmaz:
"Vulqar geyimlər təhsil ocağına uyğun deyil. Çox mühafizəkar yanaşaraq, hər hansı universitetdə vahid geyim formasının tətbiq edilməsinin də tərəfdarı deyiləm. Vahid geyim forması tətbiq etməyib, tələbələrin universitetə istədiyi geyimdə gəlməsinə icazə verməyi isə anarxiya hesab edirəm. Ümumi olaraq, vulqar, açıq-saçıq geyinən tələbələrin bu hərəkətinin qarşısı alınmalıdır. Kimsə deyir ki, "azadlıq olmalıdır, yanaşmanı dəyişməliyik" və s. - bunlar nağıldır. Biz konkret faktdan və Azərbaycan mühitindən danışırıq. Bizə öz mühitimizi əsas götürmək lazımdır ki, tələbələrin diqqəti dərsə köklənsin və dərsin keyfiyyəti artsın. Bizə hansısa bəyin və ya xanımın tələbə adı ilə ədabazlıq etməsi lazım deyil. Konsert geyimi ilə universitetə gəlmək olmaz, burada konkret qayda-qanun olmalıdır".
Modelyer Leyla Əhmədova isə hesab edir ki, universitetlərdə geyim senzurası ola bilməz:
"Biz azad ölkədə yaşayırıq. Universitetdəkilər yetişmiş uşaqlardır, öz gələcəklərini qururlar. Onlar universitetə uyğun olan geyimlər geyinə bilərlər. Onların geyimləri idman, klassik stillərdə, eleqant olmalıdır. Tələbələrin məktəbdə olduğu kimi vahid formada universitetə getməsi isə mümkün deyil. Bu, analoqu olmayan bir tələbdir".
Dizayner Vəfa İsazadə də Oxu.Az-a açıqlamasında qeyd edib ki, ali təhsil müəssisələrində təhsilalanlar üçün vahid formanın tətbiqinin əleyhinədir:
"Ali təhsil müəssisələrində vahid uniforma olmasının əleyhinəyəm. Uşaqlar 11 il məktəblərə vahid geyim formasında gedirlər. Ali təhsil müəssisələri həyata atılmaqdır, daha sərbəst formada təhsil almaqdır. Buna görə də tələbələr müəyyən çərçivəni saxlamaqla istədikləri geyimi geyinə bilərlər".
Aytac Qasımova
Rəylər