Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Abituriyentlər niyə məktəb dərslikləri ilə KİFAYƏTLƏNƏ BİLMİRLƏR?
Hər yeni tədris ili başlayanda şagirdlərin istifadəsinə verilən test topluları, dərs vəsaitləri yenilənir. Məktəbdə tədris edilən dərslər ilə yetinməyən şagirdlər müxtəlif hazırlıq mərkəzlərinə, repetitorlara üz tuturlar.
Ali təhsil müəssisələrində qəbul imtahanlarında yüksək nəticə əldə etməyən bəzi abituriyentlərin isə dilində hər il bir ifadə yer alır: "İmtahanda düşən suallar məktəb dərsliklərində olan mövzulardan fərqlidir".
Maraqlıdır, bəs görəsən, abituriyentlər niyə məktəb dərslikləri ilə kifayətlənə bilmir?
Mövzu ilə bağlı Oxu.Az-a danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib ki, repetitor yanına üz tutanların əksəriyyəti yuxarı sinif şagirdləridir:
"Hazırda repetitor və hazırlıq qruplarına müraciət edənlər əsasən yuxarı sinif şagirdləridir. Onlar ali təhsil müəssisələrinə və yaxud kolleclərə qəbul üçün hazırlıqlara üz tuturlar. Təbii ki, bunların hər biri də qəbul şərtləri ilə bağlıdır. Bizdə qəbul zamanı I, II, III, IV ixtisas qruplarında şagirdlər 6 fəndən, yalnız V qrup üzrə 3 fəndən imtahan verirlər. Qəbul fənlərinin çoxluğu şagirdləri və ya abituriyentləri müvafiq olaraq hazırlığa yönəldir".
O qeyd edib ki, tədris planı ilə müvafiq qəbul planı da üst-üstə düşmür:
"Məsələn, Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanları aşağı sinifdən 11-ci sinfə qədər bütün materialları, mövzuları əhatə edirsə, şagird 9-10-cu sinifdə oxuyarkən və ya 11-ci sinfi bitirərkən buraxılış imtahanında məcburdur ki, materialın hamısını öyrənsin və onun əsasında imtahan versin. Şagird oxuduğu sinfə əsasən imtahan versə, əlbəttə ki, əlavə hazırlığa ehtiyac duymaz. Amma görünən odur ki, şagirdlər müvafiq olaraq çarəsizlikdən proqramın hamısını mənimsəmək üçün hazırlıqlara üz tuturlar".
Ekspert həmçinin bildirib ki, hazırlıqlara üz tutanların bir qismi aşağı sinif şagirdləri və ya liseylərə hazırlaşanlardır.
"Onların dərs yükünün çətin olması və ya mövzu ilə bağlı sualların bir qədər fərqli qoyuluşu şagirdləri əlavə hazırlıqlara getməyə təhrik edir. Bəzən isə müəllimlər tərəfindən fərqli vəziyyət formalaşdırılır ki, şagirdlər hazırlıqlara üz tutsunlar, onların yanına gəlsinlər. Biz bunun qarşısını almaq üçün dərs yükünü azaltmalı, şagirdlər üçün daha asan modellərdən istifadə etməli, o cümlədən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının formatını dəyişməliyik. Qəbul imtahanlarında fənlərin sayını minimallaşdırıb, üçə endirmək olar. Bununla onlar əlavə dərs yükündən qurtula, konkret olaraq təhsil aldığı müəssisələrdə əldə etdikləri biliklər əsasında ali təhsil müəssisələrinə qəbul ola bilərlər.
Təhsil məsələləri üzrə mütəxəssis Adil Vəliyev qeyd edib ki, məktəb tərəfindən verilən dərsliklər abituriyentlərə kifayət etmir:
"Onların bunu söyləməkdə haqlı səbəbləri var. Çünki həmin dərsliklərdə mövzular ətraflı şəkildə yazılmayıb, izah olunmayıb. Buna görə də abituriyentlər fərdi müəllim yanına gedir və yaxud kurslara müraciət edirlər. Onlar fərdi müəllim yanına getdikdə və kurslara müraciət etdikdə müxtəlif dərsliklərdən istifadə olunur, müəllimlər də müxtəlif vəsaitlərdən istifadə etməyi tövsiyə edir. Həmin materiallarda mövzular kifayət qədər ətraflı, anlaşılan formada izah olunub. Abituriyentin əsas istəyi odur ki, müəllimin izahı ilə yanaşı dərslikdə oxuduğu mövzunu da rahat başa düşsün".
Ekspert məktəblərdə bütün dərsliklərin müəyyən zamandan sonra elektron vəsait halına çevrilməli olduğunu söyləyib:
"Dərsliklər elektron vəsait halına çevrildikdə valideynlər çox xərcə düşməz. Məktəb tərəfindən verilən dərsliklərdən savayı, müəllimlər şagirdlərdən müxtəlif vəsaitləri alınmasını tələb edir. Bu da xərcləri nəzərə alan bir valideyn üçün hər hansı bir elektron dərs vəsaitinin alınması daha ucuz başa gələ bilər. Həmçinin elektron dərs vəsaitinin daşınması da daha rahat olar. Bu halda bir çox problem demək olar ki, öz həllini tapar. Şagirdlərin dərsliklər ilə yanaşı, müxtəlif test topluları və s. daşıması da müəyyən qədər ağırlıq təşkil etdiyi üçün onların sağlamlığı üçün də ziyanlıdır".
Aygün Mirakif
Rəylər