Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Abbas Bağırov: "Keyfiyyətli musiqi dinləyən uşaq anasına "aaz" deməz"
"Altı-yeddi ay öncə fərqli ab-havaya düşmüşdüm. Bir qədər artıq çəki almışdım. İşləmək istəmirdim. O durum məni müəyyən stresə, lazımsız düşüncələrə aparırdı. Daha çox istirahət etmək istəyirdim. Sonra qərara gəldim ki, bu mənə ziyan edir. Düşündüm ki, arıqlamaq mənim üçün problem deyil. İki ay ərzində 55 kiloqram arıqladım".
Bunu Oxu.Az-a müsahibəsində Əməkdar artist, müğənni Abbas Bağırov deyib. Müsahibəni təqdim edirik:
- Abbas bəy, öncə müsahibəni qəbul etdiyiniz üçün təşəkkür edirəm. Necəsiniz? İşləriniz necə gedir?
- Məni seçdiyiniz üçün minnətdaram. İşlərim çox yaxşıdır. Hər zaman olduğu kimi, öz işimdəyəm.
- Son zamanlar sanki efirlərdə az-az görünürsünüz. Səbəbi nədir? Ümumiyyətlə, telekanallarda olan verilişlər sizi qane edirmi?
- Bəli, efirlərdə az görünürəm. Səbəbi var. Məsələn, bir kanala dəvət alıram və yeniliklərimdən danışıram, yenidən bunları digər kanalda danışmağa nə gərək var? Tamaşaçının gözündə adi olmaq istəmirəm. Tamaşaçı darıxmalıdır. Gözləməlidir. İldə bir-iki dəfə efirə çıxıram. Bu bəsdir.
Bir çox verilişlər, açığı, xoşuma gəlmir. Ailə mövzusunda olan verilişləri bəyənmirəm və iştirak da etmirəm. Mən o verilişlərə gedərəm ki, orada daim Azərbaycan musiqisindən danışılsın. Musiqidən danışaram. Özümü daha rahat hiss edərəm. Tamaşaçının da veriliş həmişəlik yadında qalar.
Verilişə dəvət alanda düşünürəm ki, hər halda, yanımda musiqidən xəbəri olan biri əyləşəcək. Əgər musiqidən xəbəri olmayan biri qonaq qismində dəvət olunacaqsa, gedə, özümü hörmətdən sala bilmərəm.
- Siz uşaq yaşlarınızdan musiqi ilə məşğulsunuz. Sizin nəsildən olan bir çoxları ustad sənətkarlardan vokal dərsləri alıblar. Amma indikilərdə bu təşəbbüs yoxdur. Müğənni olmağın kriteriyaları sanki asanlaşıb, sizcə, musiqiçi üçün musiqi təhsili vacibdirmi?
- Bəli, dərs almışıq. Borc bilmişik. Elələri var ki, musiqi təhsilləri yoxdur, lakin istedadlıdırlar. Əgər imkanları varsa, təhsil alsınlar. İstəyərdim, istedadlı insanlar ali təhsilli olsunlar. Yəni peşəkar insanlarla ünsiyyət daha rahatdır. Təhsili olmayanlara isə pis baxmıram.
- Köhnə və yeni nəsil arasında bir-birini bəyənməmək dəbdir. Siz hansı mövqedəsiniz? Gənclər necə olmalıdırlar?
- Baxır, kim bəyənmir. Yəni bəyənməyənlər arasında önəmli adlar var. Amma sənətdən xəbəri olmayanlar da var ki, gənc nəsildən olan istedadları bəyənmirlər. İnsanın xarakterindən asılıdır. Bu gün sağlam formalaşan gənc nəsil var. Əgər ümid varsa, dəstək olmaq lazımdır, paxıllıq etmək olmaz. İmkanın yoxdursa da, danışma. Məsləhət vermək lazımdır: bunu belə etmə və ya bu şəkildə etsən, daha yaxşı olar. Yol göstərmək özü də bir böyüklükdür.
- 2020-ci ildə noyabr zəfərindən sonra ilk konsert verən sənətkarlardansınız.
- 2020-ci ilin dekabr ayında Şuşaya getdim. Otuz il sonra ilk dəfə Cıdır düzündə konsert proqramında çıxış etdim. Çıxış boyu gözümdə yaş dayanmadı. Gözüm dolurdu. Çünki mən səhnəyə çıxmamışdan öncə Şuşanı alan əsgərlərimizdən biri mənə hər şeyi danışdı. Mən oxuya-oxuya Cıdır düzü, Topxana meşəsi gözümdə canlanırdı. Ona baxa-baxa "Xudayar" təsnifini oxudum.
Bir tərəfdən, sevindim, digər tərəfdən, kədərləndim. Sevindim ki, Şuşaya Xudayarın səsini gətirdim. Onun arzusu reallaşdı. Səsgücləndiricilərin yanında idim. Sağımda Xankəndini görürdüm. Orada ermənilər olduğundan səsgücləndiricini çevirdim o tərəfə ki, eşitsinlər.
- "Xarıbülbül" festivalında da iştirak etdiniz.
- "Xarıbülbül" festivalında səhnədə Arif Babayev ilə Zeynəb Xanlarovanı görəndə kövrəldim. Arzum idi ki, ustad sənətkarlar orada çıxış etsinlər. Sevincli gün idi. Fəxr etdim. Biz dəyərlərimizi gələcək nəsillərə ötürməliyik. Övladım deyir ki, "Xudayar" təsnifini şəhidlərə oxuyursan. Evdə uşaq nə görürsə, onu da təkrar edir.
Uşaq keyfiyyətli musiqi dinləyərsə, yaxşı tərbiyə alarsa, o, anasına "aaz", atasına "ə" deyə müraciət etməyəcək. Bu, önəm daşıyır.
- Əvvəlki illərlə müqayisə etsək, hazırda Azərbaycan şou-biznesinin vəziyyəti, sizcə, nə yerdədir? Özünüzü şou-biznesdən hesab edirsinizmi?
- Şou-biznesin vəziyyəti hansı haldadır, o mənə heç maraqlı deyil. Çünki hərə öz işi ilə məşğuldur. Müdaxilə etmək istəmirəm. Sənət adamları da bəzən şou ilə məşğul olurlar. Bəzilərinin şou barədə anlayışı yoxdur. Şou-biznesin yaxşı və pis tərəfləri var. Sən öz sənətində şou göstərməlisən. Ucuzluğa getməməlisən. Kiməsə söz atıb, qalmaqal yaradıb, gündəmə gəlirlər. Bu, ucuz şoudur. Keyfiyyətli şou-biznesdə hər şey yaxşıdır. Keyfiyyətsizdən danışmasaq, yaxşıdır.
- Sizə görə toy müğənnisi ilə sənətçinin nə kimi fərqi var?
- Toya gedən adam necə konsertə gedirsə, müğənni də elədir. Düzdür, bəzi toy müğənniləri var ki, konsert verə bilməzlər, amma toyda adamları aldadırlar. Toyda musiqiçi gözəl bəstəkarların ifasını oxuyursa, demək ki, konsertdə də oxuya bilər.
- Yaradıcılığınızda ürəklə ifa etdiyiniz və sevdiyiniz mahnı hansıdır? Sizi Abbas Bağırov edən ifa hansıdır?
- Çox ifalar var. Hamısı mənə doğmadır. Ayıra bilmərəm. Onu tamaşaçı bilər. Tamaşaçının zövqünə görədir. Mən deyə bilərəm, bu mahnıdır, amma yanıla bilərəm. Biz elə oxumaq istəyirik ki, tamaşaçıya xoş gəlsin, daim qulaq asmaq istəsin.
- Gənc yaşda "Əməkdar artist" adını qazanan məşhurlardansınız. Neçə yaşda Xalq artisti olmağı gözləyirsiniz? Fəxri adın həyatınızda rolu var?
- "Əməkdar artist" adına layiq görülmək ən böyük uğurlarımdandır. Çünki Prezidentin adı və imzası var. Fəxri adı alandan sonra sən öz üzərində daha ciddi çalışmağa başlayırsan, məsuliyyətli olursan.
- Bu il sizi sevənləri nə kimi yeniliklər gözləyir?
- Üç versiyada albomum işıq üzü görəcək və ilin sonunadək solo konsert olacaq. Sonuncu solo konsertimdən artıq 10 il keçib. Tam fərqli şəkildə keçirməyi düşünürəm ki, yaddaşlarda yaxşı qalsın. Konsertdə bütün fikir musiqidə olmalıdır. Bəzi konsertlər var, məsələn, kimsə yuxarıdan hovuza tullanır. Belə şeylər olmayacaq. Ancaq musiqiyə önəm verəcəyəm ki, konsertə gələnlər zövq alsınlar.
Maraqlı mövzular üzərində işləyirəm. Repertuarımda yeni mövzularda və yeni janrda mahnılar olacaq. Yaxın zamanda beş mahnıdan ibarət albomum işıq üzü görəcək. Üçünə klip çəkiləcək. 25 il öncə Sevda Məmmədlinin bəstələdiyi "Necə unudum səni" mahnısını ifa etmişəm. Mahnının, əslində, 35 yaşı var. Bu il həmin mahnını yeni versiyada oxudum. Həm remiks, həm də akustik.
- Bu qədər işin içində ailənizə vaxt tapırsınızmı?
- Mənim üçün əsas iş ailədir, ailə qayğısıdır. Ən çox vaxtımı ailəmlə keçirirəm. Ailə elə bir mövzudur ki, nə sosial şəbəkələrdə, nə də müsahibələrimdə məlumat verməyi sevmirəm. Mən sevmirəm evimdə müsahibə verim, ya da maşınımın qarşısında foto çəkdirim. Mənim üçün müsahibə ya studiyada, ya da iş başında olmalıdır. Tamaşaçının sevdiyi müğənni işi və gündəlik həyat tərzi ilə yadda qalar.
Başqalarını qınamıram. Hər kəsin xarakteri, öz sənətinə və tamaşaçılarına yanaşması fərqlidir. Ona görə normal qarşılayıram. Kim necə istəyir, yaşayır, mahnıları necə istəyir, oxuyur. Mənim tərzim budur. Məni qəbul etməyənlərə də hörmətlə yanaşıram. Hamı sevməli deyil.
Mən bu gün sevinirəm ki, əsl Azərbaycan musiqisini təmsil edənlərdən biriyəm, professional musiqiçilərlə çalışıram. 25 ildən çoxdur, Xalq artisti Ənvər Sadıqovla bərabər çalışıram. Ustad sənətkardan illərdir ki, dərs alıram.
- Abbas bəy, sizin toy qiymətinizin 18 000 manat olduğu yazılıb. Nə dərəcədə doğrudur? Deyirlər, yüksək məbləğdir. Həmçinin, yüksək məbləğin də vergisi çox olur. Vergi ödəyirsiniz?
- Mən bu kimi detalları müzakirə etmirəm. Bizim ansamblda iyirmidən çox insan çalışır. Əgər bir sənətçi hansısa bir tədbirə getmək üçün məbləğ deyirsə, bunun hamısını özünə götürmür. Xərclər çoxdur. Müğənni klipə, geyimə, alboma pul verir. Bəstəkardan mahnı alırsa, pul verir. Bəzən aldığım qonorar kifayət etmir. Həmişə keyfiyyətə üstünlük verirəm.
Mənə elə yazılar maraqlı deyil. Bu mənim şəxsi işimdir. 2006-cı ildən bu günə qədər qanun çərçivəsində vergi ödəyicisiyəm.
- Xarici görünüşünə diqqət yetirən sənət adamlarındansınız. Xeyli çəki atmısınız. Buna necə nail oldunuz, idmanla, ya pəhrizlə?
- Altı-yeddi ay öncə fərqli ab-havaya düşmüşdüm. Bir qədər artıq çəki almışdım. İşləmək istəmirdim. O durum məni müəyyən stresə, lazımsız düşüncələrə aparırdı. Daha çox istirahət etmək istəyirdim. Sonra qərara gəldim ki, bu mənə ziyan edir. Düşündüm ki, arıqlamaq mənim üçün problem deyil. İki ay ərzində 55 kiloqram arıqladım.
Həm pəhriz saxlayır, həm idman edirəm. Yuxu rejimimə diqqət edirəm. Məclislər olmayanda axşam saat onda, on birin yarısında yatıram. Səhər saat 7-də oyanıram. Çünki müəyyən saat aralığı var ki, o zaman orqanizmdə dəyişiklik olur. O saatda yatmaq lazımdır. Əvvəllər gecə 3-4-ə qədər yatmırdım, pis təsir edirdi.
Deyirlər, yenə arıqladı, beş ay sonra kökələcək. Artıq səkkiz ay keçib. Mən eyni, istədiyim çəkidəyəm. Əziyyət çəkmədim. İnsan bir şey istəyirsə, özünə, sağlamlığına xeyir edən işlə məşğul olmalıdır. Yeməyimə, yuxu rejimimə diqqət edirəm. Gündəlik həyat tərzimdə fiziki hərəkətlər daha çoxdur. Bir-iki saat idmanda oluram.
- Abbas bəy, övladlarınızdan hansısa sizin yolunuzu davam etdirmək istəyirmi? Övladınız müğənni olmaq istəsə, razı olarsınız?
- Mənim üçün öncə ali təhsilləridir, nümunəvi övlad kimi böyümələridir. Böyüyəndən sonra ən çox istədiyi nə olacaqsa, o işdə çalışa biləcəksə, imkanı çatacaqsa, məşğul ola bilər. İki övladım var. Faydalı vətəndaş kimi böyümələri ən böyük istəyimdir.
- Sənətə görə, həyatınızda nələri isə itirdiyinizi heç düşünmüsünüz? Bəs populyarlıqdan əlavə nə qazanmısınız?
- Heç nəyi itirmədim. Əksinə, çox sayda məni sevən dinləyici qazandım. Bu, balaca uğur deyil. Bir sənətçinin yetəri qədər izləyicisi varsa, xoşbəxt adamdır. Qazandım.
- Müğənniliklə bərabər, gündəlik həyatınızda daha çox nə ilə məşğul olursunuz?
- Ən vacib - idmanla məşğul oluram. Ondan sonra istirahət və musiqi üçün vaxtım olur.
- Hansı tərz ifalara qulaq asırsınız? Dinlədiyiniz gənc müğənni var?
- Ayaz Qasımov, Nəsimi Məmmədov, Elçin Cəfərov, Röya Ayxana qulaq asıram. Yetərincə gənc istedadlarımız da var.
- Duet təklifi gəlibmi? Razı olmadığınız olub?
- Əlbəttə, gəlib. Olmadığım da var. Bəzən elə adamdan təklif gəlir ki, heç oxumaqdan xəbəri yoxdur. Eləsi var ki, mahnı tapa bilməmişəm. Röya ilə "Ayrılıq" mahnısını duet formasına saldıq. Mən ayrı oxumuşdum. Röyada hazır idi. Birləşdirdim. Röya dinlədi, dedi ki, əla alınıb, gəl belə edək həmişə. Röya və başqa xanım sənətçi var ki, duetim gözlənilir.
- Xarici müğənnilərlə bizimkiləri müqayisə etsək, dünya çapına çıxmaq üçün nə etmək lazımdır?
- Heç çıxmaq lazım deyil. Öz ölkəndə populyar ol, sevil. Dünya çapı bəzən gözləmədiyin anda gəlir.
Arzu edirəm ki, yaxşı musiqi həmişə inkişaf etsin. Yaxşı musiqidə hər şey yaxşıdır. Yəni bayağı musiqi kimi adamı dəli etmir. Övladı yaxşı musiqi ilə tərbiyə etmək lazımdır. Arzu edirəm ki, hər şey yaxşı olsun.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
"Abbas Bağırov" teqi üzrə xəbərlər
- Heydər Əliyev Mərkəzinin parkında "Yay Festivalı" bağlanış konserti olacaq
- Sosial şəbəkələrdə gündəm olan kivi sirkəsi arıqlamağa kömək edirmi? - Həkimdən AÇIQLAMA
- Qadağan olunan gölün sirri: "Kütləvi axınla əlaqədar sanitar-gigiyenik normativlər pozulur"
- Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO
- İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
Rəylər