Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
31 may tarixindən Qala Etno Fest başlayır
31 may - 2 iyun 2024-cü il tarixlərində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Qala Etno Fest" keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat verib.
Üç gün davam edəcək festivalda Qala Qoruğu ərazisində Azərbaycan xalqının qədim etnik ənənələrini təcəssüm etdirən böyüklər və uşaqlar üçün interaktiv fəaliyyətlər, sərgilər, ustad dərsləri və yarışlar təşkil olunacaq, Qala Etno Bazarın və "Qala tarixi fotolarda" sərgisinin açılışı baş tutacaq.
Günümüzə qədər qorunub saxlanmış, dublalı (bacalı) evləri ilə məşhur, XVIII əsrə aid unikal Abşeron kəndi nümunəsi olan və hazırda Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda muzey kompleksi kimi qorunan "Dulusçu evi"nin həyətində 300 yaşlı püstə ağacı hər kəsə məlumdur. Sözügedən muzey kompleksi ərazisində ölkəmizin önəmli mədəniyyət xadimləri ilə görüşlərin keçirilməsi planlaşdırılır. "Püstə ağacının altında görüş" silsiləsində "Türk damğaları", "Keramika sənəti", "Abşeron arxeologiyası" və "Dəzgah və kitab qrafikası" mövzularında görüşlərin təşkili etno-mədəni mühitə xüsusi ab-hava qatacaq.
Sənətkarlıq və qədim peşələrlə maraqlananlar festival ərazisində böyüklər və uşaqlar üçün təşkil olunacaq dulusçuluq, xalçaçılıq, boyakarlıq, dəmirçilik, qurama, keçə sənəti, zərgərlik, vitraj, ağacoyma, keramikarəngləmə, ebru və şam düzəltmə üzrə ustad dərslərinə qatıla biləcəklər.
Qala Etno Fest çərçivəsində, Qala qəsrində "Qala tarixi fotolarda" sərgisi ziyarətçilərə təqdim olunacaq. Ənənəvi və etno idman növlərinin həvəskarları isə oxatmada iştirak edib, mars güləşində, eyni zamanda nərd, şahmat və dama kimi masaüstü oyunlarda iştirak imkanı əldə edəcəklər. Tədbirdə uşaqların əyləncəli vaxt keçirməsi üçün etno və uşaq oyunları da təşkil olunacaq. Daha yaradıcı balaca ziyarətçilər isə rəsmlər çəkə, "Rəsmini yarat" interaktiv fəaliyyətinə qoşula biləcəklər.
Ənənəvi sənət növlərinin sərgiləndiyi karvansara üslubundakı Qala Etno Bazar festival günlərindən etibarən ziyarətçilərinə qapılarını açacaq və etno bazarın qonaqları həm də ustad dərslərini izləyə biləcəklər.
Qala Etno Fest ziyarətçiləri üçün daha bir imkan təqdim edəcəkdir. Belə ki, tədbir iştirakçıları 25-26 may tarixlərində baş tutmuş IX Beynəlxalq "Tullantıdan sənətə" sərgisinin eksponatlarına "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən "Tullantıdan sənətə" muzeyində baxa biləcəklər.
Şəhərimizin bütün sakinləri və qonaqları Qala Etno Fest-ə dəvətlidir!