Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
25 minlik məzar, yoxsa evin həyətində dəfn: Qəbiristanlıqlarda hansı dəyişikliklər olacaq? - ARAŞDIRMA + FOTO
“Azərbaycanda 4 204 qəbiristanlığın 3 268-nin bələdiyyələrə təhvil-təslim edilməsi başa çatıb. 900-dən artıq qəbiristanlıq isə hələ də təhvil verilməyib. Buna səbəb isə xəritələrin qeyri-dəqiqliyi, bundan başqa, orada əmlakların bəzilərinin mülkiyyət sənədlərinin olmamasıdır. Eləcə də tək-tük rayon icra hakimiyyəti var ki, orada komissiyalar yaradılsa da, təhvil-təslim işləri bir az dayanıb. Bu işlər diqqət və nəzarətdədir”.
Oxu.Az-ın məlumatına görə, bu fikirləri ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 19-da keçirilən iclasında çıxışı zamanı deyib.
Uzun müddətdir, bu istiqamətdə işlərin aparıldığına dair müvafiq açıqlamalar verilirdi. 2018-ci il dekabrın 4-də “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” ərazi üzrə bələdiyyələrə həvalə edilib. Qərara əsasən, paytaxtın ən böyük məzarlıqlarından biri olan Yasamal qəbiristanlığında məzarların nömrələnməsi prosesi başlanıb. Məzarlığın bir neçə girişinin olduğu nəzərə alınaraq, 2019-cu il avqustun 13-dən etibarən qəbiristanlıq ərazisi doqquz portala ayrılıb.
Bir neçə il öncəyə qədər paytaxtdakı və ətraf bölgələrdəki məzarlıqlarda dəfn qiymətləri kifayət qədər yüksək idi. Onlardan bir neçəsi barədə təxmini qiymətləri diqqətinizə çatdırım:
Binəqədi rayonunda bir qəbir üçün yer 300 manat, qazmaq 400 manatdır. Əgər məzarı hasara almaq istəyirsənsə, əlavə 400 manat da verməlisən. Beləliklə bir nəfərin dəfni 1 100 manata başa gəlir. Buraya hələ məzar daşı xərcləri daxil deyil.
Biləcəridə yerhaqqı 700 manat, Ramanada - 300 manat, Badamdarda 800 manatdır.
Sumqayıt şəhərində qəbir yeri 250 manat, Xırdalanda 400 manatdır. Masazır qəsəbəsində yerhaqqı 550 manat, qazmaq isə 400 manata başa gəlir.
Görünən odur ki, qiymətlər əraziyə görə dəyişir. Mərhumun torpağa tapşırılması prosesi eyni qaydada aparılsa da, bu qədər fərqli qiymətlər hansı meyarlarla təyin olunur - bu da ayrı bir müzakirə mövzusudur...
Bu gün ölkədə dəfn üçün verilən müavinətin məbləği standart 500 manatdır. Amma əgər vəfat edən şəxs əmək pensiyaçısı olubsa, bu zaman əmək pensiyasının minimum məbləğinin üç misli qədər müavinət verilir. Sosial müavinətin təyin olunması üçün yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli bölməsinə və DOST mərkəzinə müraciət edilməlidir.
Bu zaman müavinət alan şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı, dəfni təşkil edən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti və yerli icra nümayəndəliyinin arayışı tələb olunur.
Bəs məzarlıqların bələdiyyələrə təhvil prosesi bu istiqamətdə hansı dəyişikliklərə səbəb olacaq? Dəfn yerlərinin qiymətlərində azalma, artım, yaxud vahid qiymət gözlənilirmi?
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Oxu.Az-a açıqlamasında bildirib ki, məzarlıqların bələdiyyələrə təhvil verilməsi prosesi 2015-ci ildə qanunvericiliyə müvafiq formada təyin edilib:
“Bu proses özü isə 2018-ci ildən həyata keçirilməyə başlayıb. Müvafiq qanunvericilikdə bu istiqamətdə dəyişiklik qəbul edildikdən sonra 2018-ci ilin dekabrında Nazirlər Kabineti normativ qaydaların əks edildiyi sənədi təsdiq etdi. Bundan sonra ölkə ərazisində olan məzarlıqların bələdiyyələrə təhvil prosesi start götürdü. Təhvil-təslim prosesi çox tələsik həyata keçirildi, eləcə də bu istiqamətdə təsdiq edilən normativ qaydalarda müəyyən boşluqlar oldu. Məzarlıq bələdiyyələrə təhvil verilirsə, onun ərazisində olan tikililər, qurğular, ziyarətgahlar, həmçinin ritual xidmətlər də bələdiyyələrin balansına, mülkiyyətinə verilməli idi. İlk növbədə məzarlıqlar mülkiyyət sənədi təsdiq olunmaqla təhvil verilməli idi. Təəssüf ki, təhvil-təslim aktı havadadır, heç bir bələdiyyənin bu gün məzarlıqlara dair mülkiyyət sənədi yoxdur.
Bu proses Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş olsaydı, bu gün bələdiyyələr də o məzarlıqlara nəzarət etməyə maraqlı olardılar, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsinə çalışardılar. Konkret olaraq bu təhvil-təslim prosesi zamanı müəyyən məsələlər qaydalara uyğun aparılmadığı üçün bələdiyyələrin rahat idarəçiliyinə müəyyən maneələr yaradıldı. Bu gün bir çox bələdiyyələr bu problemdən əziyyət çəkirlər”.
V.Tofiqli onu da əlavə edib ki, bu gün paytaxt ətrafında yerləşən bəzi məzarlıqlar, eləcə də rayonlardakı qəbiristanlıqların 90 faizi “hava”dadır, heç bir qurumun balansında deyil:
“Onların sənədləşməsi yoxdur, amma bələdiyyələrə təhvil-təslim ediblər. Çox qəribə bir durum yaranıb, çünki bələdiyyəyə təhvil edilən ərazinin nə sənədi var, nə də bələdiyyənin idarəçiliyinə verildiyinə dair müvafiq səlahiyyəti təsdiq edən bir norma. Bu gün pərakəndəlik çox mürəkkəb vəziyyət yaradıb. Çox az bələdiyyə var ki, təhvil aktı ilə aldığı məzarlıqda öz təşəbbüsü müəyyən abadlıq işləri aparır. Bunlara misal olaraq, Yasamal bələdiyyəsi, Xırdalan, Gəncə, Mingəçevir, Qaraçuxur, Buzovna bələdiyyələri öz ərazilərində olan məzarlıqları təhvil-təslim aktı ilə qəbul etsələr də, səliqə-sahmanı, küçə işıqlarının qurulmasını, abadlıq işlərini təmənnasız olaraq həyata keçiriblər. Onların əksəriyyəti bütün bu təşəbbüsləri məzarlıqları mülkiyyətə qəbul etmədikləri halda həyata keçirib, bunu xüsusilə vurğulayıram. Maraqlı məqamdan biri də odur ki, məzarlıq bələdiyyənin balansına verilir, ziyarətgahların saxlanılmasına bələdiyyə məsuliyyət daşımalıdır. Amma o ziyarətgahlarda yığılan pulların hara getdiyinə, dövlət büdcəsinə vəsait köçürülüb-köçürülmədiyinə dair heç bir məlumat yoxdur”.
Məzarlıqlarda qiymətlər min manatdan 25 min manata qədər artır
Dəfn yerlərinin qiymətlərində dəyişikliklər, vahid qiymətin müəyyənləşdirilməsi ehtimalına gəlincə V.Tofiqli bu istiqamətdə millət vəkili Siyavuş Novruzovun maraqlı təkliflərlə çıxış etdiyini vurğulayıb:
“Düşünürəm ki, bununla bağlı bir addım atılacaq. Söhbət məzarlıqlarda göstərilən xidmətlərlə bağlı qiymətlərin tənzimlənməsindən gedir. Çünki məzarlıq üçün ayrılan torpağın normativ sənədləri təsdiq edilib. Sadəcə, müəyyən addımlar atılacaq ki, bəzi özbaşınalıqlar, qeyri-qanuni addımlar yığışdırılsın. Bu gün hamı bilir ki, qeyri-qanuni olaraq Bakıdakı məzarlıqlarda qiymətlər 1 000 manatdan başlayır, 25 min manata qədər artır. Dəfələrlə bu məlumatlar mətbuatda da yazılıb, amma toplanan vəsaitlərin hara getdiyi məlum deyil. Bu, çox ciddi məsələdir və bu problemin həllinə kompleks yanaşılmalıdır. Bu sahədə qaydalar dəqiq müəyyənləşdirilməlidir ki, icraçı orqan da bilinsin. Əgər idarəçilikdə boşluqlar varsa, müzakirə edilib müəyyənləşdirilməlidir.
Bu gün bəzi məzarlıqlar var ki, orada artıq dəfn üçün boş yer qalmayıb. Bu da yeni məzarlıqların salınmasını zəruri edir. Bu, sadə bir məsələ deyil, çox ciddi problemdir. Yeni məzarlıqların salınması ilə bağlı yeni normativ sənədlər də təsdiq edilib. Düşünürəm ki, bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi inzibati nəzarəti həyata keçirməlidir, onlarla məsləhət olunmalıdır. Qanunvericilikdə boşluq varsa, bu boşluqlar aradan qaldırılmalıdır və məsuliyyət bu komitənin üzərinə düşməlidir. Bələdiyyələr isə bu prosesin icrasında əsas rol oynamalı, müəyyən xidmətlər göstərməlidirlər. Müvafiq olaraq, imtiyazlı şəxslərə güzəştlərin tətbiqi də bu işlərə daxildir”.
Bəs qəbir yerlərinin qiymətinin baha olmasını əsas gətirərək kimsə öz əzizini özünə aid hər hansı torpaq sahəsində, evinin həyətində dəfn edə bilərmi? Qanunvericilikdə insanın vəfat edən doğmasını məzarlıqdan kənarda dəfn etməsi ilə bağlı müddəalar varmı? V.Tofiqli bu məsələnin qanunvericilik qaydasında tənzimləndiyini qeyd edib:
“Vəfat edən şəxs ərazi üzrə yaxınlıqda yerləşən məzarlıqda müvafiq normalara uyğun formada dəfn edilməlidir. Düşünmürəm ki, kimsə öz əzizini öz həyətində və ya kənar ərazidə dəfn etmək istəsin, heç bu kimi hallara rast gəlməmişəm. Həm də cəmiyyət olaraq bu və digər dəfn adətləri bizim mentalitetə ziddir”.
Məzar daşlarının standart bir formada olması ilə bağlı uzun müddət danışıqlar aparılıb, fərqli fikirlər irəli sürülüb. Bələdiyyələrə təhvil verildikdən sonra məzar daşları üçün hansısa standart, vahid ölçülər müəyyənləşdiriləcəkmi? V.Tofiqli bu sualımıza cavab olaraq bildirib ki, Nazirlər Kabinetinin yeni salınacaq məzarlıqlarla bağlı normativ sənədində məzar daşlarının eyni ölçüdə, standart formada və ardıcıl şəkildə olması göstərilib:
“Bu qaydalar bundan sonra salınacaq yeni məzarlıqlara şamil edilir. Bu standartların əks edildiyi sənəd hələ tam təsdiq edilməyib. Amma bu və digər məqamlar o sənəddə öz əksini tapıb”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə mövzu ilə bağlı mətbuata açıqlamasında insanların özlərinə aid torpaq sahəsində şəxsi məzarlıq salmasının qanunazid olduğunu qeyd edib:
“Bu, qəti qadağandır. Məzarlıqlar yalnız bələdiyyələrin mülkiyyətində ola bilər. Bələdiyyələrdə vahid qiymət olacaq. Ər arvadının yanında dəfn edilə bilər, amma bütün ailə üçün öncədən yerlərin ayrılması yolverilməzdir”.
Könül Cəfərli
Rəylər