Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xocalıya qayıdan sakin: "Belə gözəl sonluğu heç vaxt düşünməmişdim"
"26 fevral gecəsini xatırlayanda hələ də özümü pis hiss edirəm. Ermənilər qəfil hücuma keçib bizi çöllərə saldılar".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Xocalı şəhərinə köç edən keçmiş məcburi köçkün Gülarə Şahsuvar qızı Məmmədova deyib.
Xocalı faciəsinin canlı şahidi qeyd edib ki, güclə xilas olublar:
"Həmin gecə bir faciə yaşadıq, vəhşət yaşadıq. Əliyalın insanlara silah tuşladılar, hamını güllədən keçirdilər.
Şükürlər olsun ki, ailəmi, balalarımı salamat çıxara bildim o güllə yağışından, amma bizim ruhumuz, mənəviyyatımız, gəncliyimiz, ömrümüzün ən baharlı çağı, arzularımız, xəyallarımız güllələndi o gecə.
Belə gözəl sonluğu heç vaxt düşünməmişdim. Bir gün öz evimizə, yurdumuza qayıtmaq çox çətin görünürdü.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Xocalı şəhərinə yola salınır. Bu mərhələdə daha 24 ailə (88 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Xocalı şəhərində 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova