Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Səfir: "Hindistan işğal etdiyi Cammu və Kəşmirin xalqlarına işgəncələr verir"
"Cammu və Kəşmir mübahisəsi ən qədim həll olunmamış beynəlxalq mübahisələrdən biridir. 1948-ci ildən bəri BMT Təhlükəsizlik Şurasının gündəliyindədir. 75 il ərzində Hindistan bu məzlum xalqları sıxışdırmaq üçün müxtəlif cəhdlər edib. Habelə, son beş ildə Hindistan qəddar və qeyri-qanuni işğalını davam etdirmək üçün yenidən səylər göstərir".
Oxu.Az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Pakistan səfirliyində Cammu və Kəşmirin İşğal gününə həsr olunan tədbirdə deyib.
O bildirib ki, 2019-cu ilin 5 avqustunda Hindistan IIOJK-nın (Hindistan işğalı altında olan Cammu və Kəşmir) xüsusi konstitusiya statusunu ləğv edib, onu "Birlik əraziləri"nə ayırıb, Yeni Delhinin birbaşa nəzarəti altına salıb və yerli insanlara verilən bəzi xüsusi statuslara son qoyub:
"Bu tədbirlərin əsas məqsədi ərazinin beynəlxalq səviyyədə tanınan mübahisəli statusunu pozmaq idi".
"Hindistan, qeyri-kəşmirlilərə işğal etdiyi ərazilərdə daşınmaz əmlak almağa icazə verməklə, nəticədə IIOJK-nın demoqrafik və siyasi mənzərəsini dəyişə biləcək bir proses başlatdı. Məqsəd Kəşmiri "hindləşdirmək" və yerli Kəşmir xalqını öz torpaqlarında gücsüz bir cəmiyyətə çevirməkdir", - səfir vurğulayıb.
Diplomat əlavə edib ki, Cammu və Kəşmirdə ifadə azadlığı ciddi problem olaraq qalır:
"Digər təzyiq tətbiqlərinə məhkəmədənkənar qətllər, işgəncələr, zorlamalar, itkin düşmə və əmlakın müsadirə edilməsi daxildir".
"Hindistanın işğalçı qüvvələrinin Cammu və Kəşmirin günahsız xalqına qarşı bu qəddar insan haqları pozuntuları BMT və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla insan haqları təşkilatları və beynəlxalq qurumlar tərəfindən də qeydə alınıb. Hindistanın Cammu və Kəşmirin böyük hissələrində vəhşicəsinə işğal faktını davam etdirməsi dəfələrlə regional sülh və sabitliyi təhdid edib. Pakistan dinc yaşamaq istəyir. Bununla belə, Cammu və Kəşmir mübahisəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Cammu və Kəşmir xalqının arzu və istəklərinə uyğun olaraq, ədalətli və dinc yolla həlli regionda davamlı sülh üçün mühüm əhəmiyyət kəsb edir", - səfir diqqətə çatdırıb.
Diplomat əlavə edib ki, Pakistan Hindistanın işğalı altında olan Cammu və Kəşmirin məzlum xalqına göstərdiyi davamlı dəstəyə görə qardaş Azərbaycan xalqına və hökumətinə minnətdarlığını bildirir:
"Sizin dəstəyiniz onlar üçün böyük güc mənbəyidir. Ümid və dua edirik ki, Cammu və Kəşmirin məzlum xalqı da Qarabağın azad edilməsindən sonra azərbaycanlı bacı-qardaşlarımızın yaşaya bildiyi azadlıqları tezliklə yaşaya bilsin".
Mərahim Nəsib