Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Əzizlərini Xocalı soyqırımında itirən sakin: "Əsir düşsək, uşaqlarımı da, özümü də partladacaqdım"
"Xocalıdan iki qumbara ilə çıxmışdım. Yoldaşım döyüşçü idi, dedi, erməniyə əsir düşmək yoxdur. Bu qumbaranın birini ermənilərə atarsan, gördün, əsir düşürsən, o birisi ilə özünü də, uşaqları da partladarsan".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Xocalı şəhərinə köç edən keçmiş məcburi köçkün Zümrüd Əzim qızı Əliyeva deyib.
Xocalı faciəsinin canlı şahidi qeyd edib ki, həyat yoldaşı ona silah söküb-yığmağı da öyrədibmiş:
"Yoldaşım mənə silahla davranmağı öyrətmişdi. Mənə də iki qumbara vermişdi ki, biri ilə erməniləri, biri ilə də, əsir düşsəniz, özünüzü öldürərsiniz. Atam Əzim Məşəd oğlu Əzizov 1941-45-ci illər müharibəsində döyüşüb, Xocalıda şəhid olub. Onun meyiti hələ də tapılmayıb. Qardaşımın ailəsi də Xocalı faciəsinin şəhidləridir. Onların da meyitləri, qalıqları hələ də tapılmayıb. Qayınanam, qayınatam, əmilərim Xocalı faciəsinin qurbanları olublar. Yaxın günlərdə də analiz vermişik. Qalıqların içərisində mənim də doğmalarımın olacağına, tapılacağına ümidimiz var.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Xocalı şəhərinə yola salınır. Bu mərhələdə daha 24 ailə (88 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Xocalı şəhərində 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova