Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
BRICS-lə əməkdaşlığın genişləndirilməsi Azərbaycana nə vəd edir?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin "Outreach" / "BRICS+" formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gedib.
Oxu.Az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Azərbaycanın BRICS-lə əməkdaşlığını genişləndirməsi məsələsini "Facebook" hesabında şərh edib.
O bildirib ki, dünya əhalisinin 45 faizinin məskunlaşdığı BRİCS ölkələri hazırda qlobal iqtisadiyyatın 37.4 faizini formalaşdırır. Bu illik 29 trilyon dollar yaxın Ümumi Daxili Məhsul (ÜDM) deməkdir. BRICS artıq qlobal gücə çevrilib:
"Belə ki, əgər 1992-ci ildə hazırda BRICS-ə üzv olan ölkələrin qlobal iqtisadiyyatı payı 16.7 faiz, Böyük yeddilik (G7) dövlətlərinin qlobal ÜDM-də çəkisi 45.5 faiz idisə, ötən müddətdə G7-nin qlobal payı 29 faizədək azalıb. 2009-cü ildə yaradılan BRICS üzv ölkələri üçün inkişaf baxımdan yeni imkanlar yaratdı".
"Azərbaycan üçün BRICS ilə əməkdaşlığın genişlənməsi həm qeyri-neft ixracatının artırılması, həm də fərqli iqtisadi sahələrdə birgə layihələrin reallaşması baxımdan vacibdir. BRICS kifayət qədər geniş coğrafiyanı əhatə etdiyindən bu Azərbaycan sahibkarları üçün ixrac baxımdan yeni imkan kimi dəyərləndirilib. Digər tərəfdən, həmin dövlətlərdə Azərbaycanın qeyri-neft məhsullarına xüsusi tələb də vardır. Eyni zamanda, BRICS ölkələri ilə turizm sahəsində əməkdaşlıq son illər daha güclənib. Bu ilin ilk 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Çindən - 1,9 dəfə, İrandan - 38,4 faiz, Misirdən - 20,1 faiz, Rusiya Federasiyasından - 18,4 faiz artıb. Bu sahədə daha geniş əməkdaşlıq imkanları və potensial var", - deyə deputat deyib.
V.Bayramovun fikrincə, BRICS-lə əməkdaşlığın güclənməsi Azərbaycan üçün həmçinin öz iqtisadi potensialını təqdim etmək baxımdan da bir imkandır:
"Bu aspektdən, bu əməkdaşlıq ölkəmizə yeni iqtisadi dividendlər qazandırır. Bu il üçün də həm ümumən sərmayə qoyuluşunun həcminin artırılmasına nail olmaq, o cümlədən investisiya portfelində qeyri-neft sektoruna yönəldilən xarici sərmayələrin payının artırılması əsas hədəflərdən biri kimi qarşıya qoyulub. Bu baxımdan BRICS ölkələrindən yeni sərmayələrin cəlbi imkanları yüksək qiymətləndirilir. BRICS-lə əməkdaşlığın güclənməsi yeni dövrün yeni hədəflərinin daha tez və səmərəli reallaşmasına töhfədir".
Qeyd edək ki, 2006-cı ildə yaradılan BRICS hazırda özündə 9 ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini birləşdirən hökumətlərarası qurumdur.
"BRICS" teqi üzrə xəbərlər
- Paşinyan: "İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır"
- Bakıda Azərbaycan və Rusiya Baş nazirləri arasında görüş olub
- Azərbaycan və Ermənistan arasında sülh danışıqları hansı mərhələdədir? - "Kaspi"nin TƏHLİLİ
- BMT-nin baş katibi: "COP29-un uğurlu keçməsi üçün Azərbaycan hökumətini dəstəkləyirəm"
- Aİ-ni Azərbaycandan asılı edəcək daha bir meqalayihə hazırlanır - Bizdən nə danışırlar?