Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ABŞ Gürcüstan üçün baş nazir "tapıb" - "Kaspi"nin TƏHLİLİ
Tbilisi ilə Qərb arasında gərginlik pik həddinə yaxınlaşır. İqtidar Vaşinqton və Brüsseli hədəf alaraq, onları seçki ərəfəsində ölkənin daxili işlərinə müdaxilədə ittiham edir. Qərb isə baş nazir postuna yeni namizədini tapıb.
Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində Qərblə, xüsusən də ABŞ ilə münasibətlər gərginləşib. Qarşılıqlı ittihamlar, sanksiyaların tətbiqi hədəsi günbəgün artır. ABŞ-nin təzyiqi nəticəsində Qərb institutları Gürcüstan rəhbərliyinin nümayəndələri ilə yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəliblər. Son aylarda Gürcüstana yüksək səviyyəli səfərlər və ya Tbilisi hökumətinin nümayəndələri ilə görüşlər olmayıb.
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Prezident, yoxsa Qərbin rezidenti?
Ən ciddi gərginlik ABŞ-nin bu ölkədəki səfirliyi ilə yaşanır. Səfirlik artıq açıq şəkildə Gürcüstanda dezinformasiya məkanına çevrilməkdə ittiham olunur. Rəsmi Tbilisi açıq bəyan edib ki, səfirliyin bütün xəbərləri dezinformasiya və ya manipulyasiya xarakteri daşıyır. Məsələn, Gürcüstanda seçkiqabağı kampaniyanın ən qızğın vaxtında ABŞ səfirliyinin sosial media səhifəsində "Gürcü Arzusu" partiyası və onun qurucusu Bidzina İvanişviliyə tənqidi yanaşan banerlər görünüb.
Ölkə daxilindəki ABŞ tərəfdarları da aktiv fəaliyyətə keçiblər. Belə qüvvələrin başında dayananlardan biri də prezident Salome Zurabişvilidir. Artıq çoxları açıq bildirir ki, S.Zurabişvili Gürcüstanın prezidenti deyil, o, bu ölkədə Qərbin rezidentidir. İddialara görə, xanım prezident Gürcüstanda inqilab etmək üçün təlimatlandırılır. Bu ssenarinin ABŞ-də - "Makkeyn İnstitutu"nda yazıldığı iddia edilir. Bu ssenari üzrə bir çox QHT-lər və media qurumları da fəaliyyətdədir. Hakimiyyət isə bəyan edir ki, ölkədə qarışıqlıq yaratmaq istəyən hər hansı bir qüvvə gürcü xalqının düşmənidir. Gürcüstanın indiki prezidenti xalqı aldatmaqda və onu dəstəkləyənlərə arxa çevirməkdə günahlandırılır. Hakimiyyət bəyan edir ki, bu seçkilərdə çox böyük qələbə qazanacaq və parlamentdə çoxluq təşkil edərək impiçment məsələsini də sona çatdıracaq.
ABŞ Gürcüstan üçün baş nazir "tapıb"
ABŞ Gürcüstanda baş nazir postuna namizəd də müəyyənləşdirib. Bu plan prezident Salome Zurabişvili vasitəsilə ictimailəşdirilib. Prezident müxalif "TV Pirveli"yə müsahibəsində bildirib ki, tezliklə ölkənin növbəti baş nazirinin kim olacağı açıqlanacaq. Eyni zamanda, o, bu rola öz namizədliyini irəli sürə biləcəyini də istisna etməyib. S.Zurabişvilinin sözlərinə görə, yeni hökumət başçısı vəzifəsinə namizədləri müxalif partiyalarla müzakirə etməyə başlayacaq. "Mənim artıq namizədim var. İndi sizə onun kim olduğunu deməyəcəyəm, çünki əvvəlcə tərəflərlə məsləhətləşməli və razılığa gəlməliyik. Bir şeydə əminəm ki, bu gün biz hökuməti elan etməliyik, seçicilər əvvəlcədən kimin oraya daxil olacağını bilməlidirlər", - deyə o bildirib. Prezident müxalifət partiyalarına bir il mövcud olacaq "texniki hökumət"də nazir portfellərini öz aralarında bölüşdürməyi təklif edib. Müxalifət isə prezidentin təklifinə, yumşaq desək, ehtiyatla yanaşır. Belə ki, "Gürcüstan Uğrunda" Partiyasının nümayəndəsi Teona Akubardiya bildirib ki, onun təşkilatı ümumiyyətlə "texniki hökumət" ideyasını dəstəkləmir, lakin S.Zurabişviliyə hörmət əlaməti olaraq məsləhətləşmələrdə iştirak etməyə hazırdır.
"Heç bir "texniki hökumət" ola bilməz"
Bu arada "Gürcü Arzusu"ndan olan deputat, parlamentin prosedur məsələləri və reqlament komitəsinin sədri İrakli Kadagişvili S.Zurabişvilini növbəti dəfə Konstitusiyanı pozmaqda ittiham edib. Onun sözlərinə görə, heç bir "texniki hökumət" ola bilməz. "Müxalifət cəmiyyətdə o qədər qeyri-populyardır ki, prezident növbəti konstruksiyanı düşünüb - insanlar, qorxmayın, bu yalnız bir il olacaq ki, biz öz zövqümüzə uyğun seçkilər keçirə bilək", - deyə İ.Kadagişvili qeyd edib. Politoloq Giya Abaşidze bildirib ki, S.Zurabişvilinin baş nazir vəzifəsinə ehtimal olunan namizədi 2009-2012-ci illərdə Mixail Saakaşvilinin hakimiyyəti dövründə bu vəzifəni tutan Nika Gilauri ola bilər. "İndi bəzi media orqanları müxalifət seçkilərdə qalib gələrsə, onun hökumətə qayıdacağını proqnozlaşdırırlar. Eyni zamanda, N.Gilaurini "texniki namizəd" də adlandırmaq olmaz, o, M.Saakaşvilinin nökəri olub və olaraq qalır", - deyə ekspert bildirib. G.Abaşidze qeyd edib ki, müxalifət öz seçicilərini inandırmağa çalışır ki, "Gürcü Arzusu" seçkilərdə cəmi 30% səs toplayacaq, qalan səslər isə onun rəqiblərinə qismət olacaq. "Bu, hər səsvermədən əvvəl belə olur. Sonra məlum olur ki, hakim partiya qalib gəlib, müxalifət küçəni silkələməyə çalışır, heç nə alınmır, çünki onun kütləvi dəstəyi yoxdur və ölkə yaşamağa davam edir", - deyə G.Abaşidze bildirib.
Ekspertin sözlərinə görə, N.Gilauri bu yaxınlarda ABŞ-dən Gürcüstana qayıdıb. Eyni zamanda, 2012-ci ildən sonra Türkiyə, Avropa İttifaqı ölkələri və Afrikada müxtəlif özəl maliyyə şirkətlərində işləyib. 12 il ərzində o, siyasi ambisiyalarını bəyan etməyib. Lakin indi iddia edir ki, öz baxışlarını istənilən partiyaya və şəxsən S.Zurabişviliyə çatdırmağa hazırdır.
Politoloq Nika Çitadze hesab edir ki, Zurabişvili müvəqqəti hökumətin tərkibinin razılaşdırılmasına gec başlayıb. Seçkilərə bir aydan az qalıb və partiyalar istənilən halda hökumətə kimin və hansı şərtlərlə daxil olacağını başa düşmək üçün öz aralarında debatlar keçirməlidirlər.
Görünən odur ki, ABŞ və Qərb ölkələri Gürcüstanda keçiriləcək seçkilərlə bağlı təzyiqlərini artırıblar. Tətbiq edilən sanksiyalar da buna nümunədir. Düşünürlər ki, belə addımlar atmaqla Qərb və ABŞ tərəfdən dəstəklənən şəxslər seçkilərdə qalib gələcək. Əslində isə bu, Gürcüstanın daxili siyasətinə birbaşa müdaxilədir.
"Kaspi qəzeti" teqi üzrə xəbərlər
- Daxili çayların bir çoxu quruyub: Problemlərin həlli üçün hansı işlərin görülməsinə ehtiyac var?
- COP29 ölkəmizin adını bütün dünyaya duyurdu - "Kaspi"nin TƏHLİLİ
- Mənzil bazarında durğunluq var, amma ucuzlaşma gözlənilmir
- Trampın növbəti prezidentliyi İranla münasibətlərə necə təsir göstərəcək? - "Kaspi"nin ARAŞDIRMASI
- Azərbaycan bu il 90 milyon dollarlıq ət idxal edib