Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Roland Bidjamov: "Azərbaycanlılar Pezeşkiana kömək etdilər"
İyulun 5-də İran İslam Respublikasında (İİR) prezident seçkisinin ikinci turu keçiriləcək.
Birinci turda islahatçı namizəd hesab edilən Məsud Pezeşkian 42,6 faiz, İranın dini liderinin respublikanın milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili isə 38,8 faiz səs toplayıb.
Birinci turun nəticəsi bir çox ekspertlər üçün gözlənilməz oldu, çünki mühafizəkarlar Səid Cəlili və İran parlamentinin spikeri Məhəmməd-Baqir Qalibaf seçkidə favorit hesab olunurdu. Yekunda M.B Qalibaf səslərin 13,8 faizini toplayaraq yalnız üçüncü ola bildi.
Lakin namizədlər arasında yeganə islahatçı, azərbaycanəsilli Məsud Pezeşkian ciddi sıçrayış əldə edərək birinci oldu. Ola bilsin ki, o, hətta seçici fəallığı rekord dərəcədə aşağı olmasaydı, ilk turda qalib gələ bilərdi.
Bəs ikinci turdan nə gözləyək? Azərbaycanəsilli olması Məsud Pezeşkiana kömək oldumu və niyə Ermənistanda onun qələbəsindən qorxurlar?
Oxu.Az -ın bu və digər suallarını rusiyalı şərqşünas, siyasi elmlər namizədi Roland Bidjamov cavablandırıb:
- Seçici fəallığına diqqət yetirmək lazımdır. Görünür, fəallıq birinci turda olduğundan daha yüksək olacaq. Məsud Pezeşkian kimi siyasətçilərə simpatiyası olan insanlar ruhlanacaqlar və kütləvi şəkildə səsvermədə iştirak edəcəklər. Digər tərəfdən, mühafizəkar elektoratın səfərbərliyini də gözləmək olar. Mühafizəkar siyasətçilər, məsələn, ikinci tura keçməyən Qalibaf, müxtəlif təşkilatlar Səid Cəliliyə səs verməyə çağırırlar. Beləliklə, ikinci tur çox maraqlı olacaq və islahatçı Pezeşkiyanın irəli keçməsi tamamilə mümkündür.
- Yeri gəlmişkən, sensasiyalı şəkildə seçkinin birinci turunun lideri olmuş Məsud Pezeşkyanın seçki mitinqlərində Azərbaycan musiqisi səsləndirilib, Azərbaycanla bağlı mahnılar oxunub...
- Orada yaşayan azərbaycanlıların dəstəyinə gəlincə, təbii ki, bu var. Azərbaycanlılar Məsud Pezeşkiana kömək etdilər və edirlər. İslahatçı namizədin zəif nöqtəsi var. Tehrandakı yazılmamış oyunun qaydalarına görə onun öz proqramını daha aydın şəkildə cızmaq imkanı yoxdur. Baxmayaraq ki, bu, indiki mərhələdə heç lazım da deyil.
İranda hakimiyyət sistemi (mən sabitliyinə görə ona "katamaran" deyirəm) elə qurulub ki, küçə etirazının əhvali-ruhiyyəsi açıq şəkildə nəzərə alınır. İranda İslam inqilabının qələbəsindən sonra İran hökuməti əks reaksiyalarla mübarizədə böyük təcrübə qazandı. İranda "ya islahatçılar, ya da mühafizəkarlar" problemi yoxdur, burada bir tərəfdən fikir ayrılıqlarını ortadan qaldıran, digər tərəfdən isə seçkidə səs-küy salmağa imkan verən nəzarət və tarazlıq sistemi yaxşı işləyir. Gəmi hərəkət edir, müxtəlif istiqamətlərdən külək əsir, İran siyasi sisteminin yelkəni dəyişsə də, ümumi hərəkət istiqaməti dəyişmir.
- Birinci turla bağlı maraqlı bir detal var. Bir milyondan çox seçici səsverməyə gedib və bülletenlərini korlayıblar. Bu, ümumi seçicilərin 4,3 faizini təşkil edib. Aşağı seçici fəallığını nəzərə alsaq, bu, çox böyük rəqəmdir.
- Bəli, mən də buna diqqət etdim. Bunun nə ilə bağlı olduğunu söyləmək çətindir, sual ayrıca araşdırma tələb edir. İndi bir o qədər də aydın deyil, bu adamlar ikinci dəfə seçki məntəqələrinə gələcəklər, yoxsa yox?
- Ermənistanda İranda keçirilən prezident seçkilərində etnik azərbaycanlı Məsud Pezeşkiyanın qələbəsinin İrəvan üçün arzuolunmaz olduğu barədə fikirlər səslənir. Erməni iranşünası Janna Vardanyan (Türkiyənin "Yeni Şafak" qəzetinə istinad edərək – red) hətta bunun səbəbini belə açıqlayıb: "Pezeşkian dəfələrlə etnik kartla oynayıb, türkdilli qruplara qarşı kifayət qədər loyal bəyanatlar verib, Şərqi Azərbaycan əyalətində türk məktəblərinin açılmasını tələb edib və sair.
- Ermənistan hakimiyyətinə, Ermənistanın indiki kursunu nəzərə alsaq, etnik kökündən asılı olmayaraq, İranda islahatçı prezidentin seçilməsi daha arzuolunan olardı. Bundan başqa, İran elitasında çoxlu azərbaycanəsilli insanlar var, o cümlədən İranın ali dini lideri Əli Xamenei. Müəyyən bir namizədin milliyyətinə əsaslanaraq həmən ölkə ilə münasibət qurmaq özünü doğruldan məqam deyil. İrandakı bütün siyasətçilər – İran dövlətini təmsil edən siyasətçilərdir. Ancaq bundan sonra onlar hansısa etnik qrupu təmsil edən insanlardır. Pezeşkianın türk məktəbləri haqqında dedikləri isə olduqca düzgündür. Əgər milli dillərdə radio varsa, niyə məktəblər yoxdur? Şah dövründə belə milli təhsil ocaqları olub.
- İkinci turdan sonra əhalinin əhəmiyyətli hissəsi (istər islahatçıların tərəfdarları, istərsə də mühafizəkar hissə) narazı qalacaq, hər şey hansı namizədin qalib gəlməsindən asılıdır. İranı hansısa iğtişaşlar bürüyə bilərmi?
- Ekspertlər bu variantı nəzərdən keçirirlər, lakin çox güman ki, iğtişaş olmayacaq. Üstəlik, bu seçkini taleyüklü adlandırmaq olmaz. İran super-prezident respublikası deyil. Əsas odur ki, rəhbər Ayətullah Xamenei və ətrafı nə qərar verir. Diqqətdə saxlanılmalı olan əsas mərhələ İranın "velayət-e fəqih" idarəçilik sistemi çərçivəsində mənəvi rəhbərliyin gələcək taleyidir. Əsl vacib olan budur. Əgər islahatçı Məsud Pezeşkian qalib gəlsə, ABŞ-la intensiv danışıqları gözləmək olar, bəzi xarici siyasət məsələləri başqa cür həll olunacaq, təbii ki, digər dəyişikliklər də mümkündür.
Nair Əliyev
Rəylər