Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Ohanyan səddi"ni yaran Habil Hüseynov: "Təhsilimi ABŞ-də davam etdirirəm"
"Müdafiə Nazirliyinin Quru Qoşunları baş verə biləcək hər hansı təhlükəyə görə hazır vəziyyətə gətirilmişdi. Biz Füzuli şəhərinin işğal altında olan əraziləri ilə üzbəüz postlarda yerləşdirilmişdik. Ora ermənilərin "Ohanyan xətti" adlandırdıqları yer idi".
Bunu Oxu.Az-a müsahibəsində Vətən müharibəsi iştirakçısı, Xocavəndin, Füzulinin, Şuşanın işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak etmiş Habil Hüseynov deyib.
- Habil, sizi necə tanıyaq?
- Mən, Hüseynov Habil Eldar oğlu, 1998-ci il iyul ayının 14-də Bakı şəhərində anadan olmuşam. Əslimiz Fatmayı kəndindəndir. İlyas Əfəndiyev adına Elitar Gimnaziyanı bitirmişəm. 2016-cı ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma və robototexnika fakültəsinin mexanika mühəndisliyi ixtisasına qəbul olmuşam. Bakalavr təhsilimi 2020-ci ilin iyun ayında bitirib, iyul ayında həqiqi hərbi xidmətə yollanmışam.
- Müharibə xəbərini nə vaxt və harada aldınız?
- 27 sentyabr 2020-ci ildə, səhər saatlarına yaxın, Füzuli rayonunun Horadiz şəhəri istiqamətində yerləşdiyimiz mövqedə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən əks-hücumun başladığı əmrini aldıq.
- Həmin vaxt ağlınızdan ilk keçən nə oldu?
- Əslində, bu xəbəri eşidəndə bütün hisslər qarışmışdı. Çünki illərdir həsrətini çəkdiyimiz torpaqlara geri qayıda bilmək, xalqımızın 1990-cı illərdən çəkdiyi cəfa və zülmün intiqamını almaq, yenidən azad Azərbaycan ola bilmək şansı yaranmışdı. Bu, bizi ruhlandırır, qürurlandırırdı, amma qalib olmaq üçün igid Azərbaycan oğullarının canlarından keçməli olduğunu düşünəndə bütün düşüncələr, hisslər bir-birinə qarışırdı, bəzən də adama çox ağır gəlirdi. Amma etməli idik, etdik də!
- Savaş necə başladı?
- Müdafiə Nazirliyinin Quru Qoşunları baş verə biləcək hər hansı təhlükəyə görə hazır vəziyyətə gətirilmişdi. Biz Füzuli şəhərinin işğal altında olan əraziləri ilə üzbəüz postlarda yerləşdirilmişdik. Ora ermənilərin "Ohanyan xətti" adlandırdıqları yer idi.
Müharibəyə başladığım ilk yer "20-ci post" adlandırılırdı. Mən "Ohanyan xətti"nin yarılmasında, Füzulinin və Cəbrayılın bir sıra kəndlərinin, Xocavənd rayonunun Hadrut qəsəbəsinin və Tuğ kəndinin, Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsinin işğaldan azad olunmasında iştirak etmişəm. Topxana meşəsində oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə yüngül yaralanmışam. Amma özümə lazım olan ilkin yardımı göstərdikdən sonra şanlı yolumuza davam etmişəm və 10 noyabr 2020-ci ildə Şuşakənddə müharibənin bitməyinə canlı şahidlik etmişəm.
- Hansı döyüş xatirənizdə ən çətin döyüş kimi qalıb və niyə? Harasa bayraq sancılanda şahidlik etmisinizmi?
- Döyüş yolumuz başdan sona qədər çox məşəqqətli və ağır olub. Azərbaycan Ordusu daim irəlilədiyi üçün biz tez-tez mövqe dəyişirdik, uzun, bitməyən yollar gedirdik, döyüş silahlarını və bir çox lazımi vasitələri özümüzlə daşıyırdıq, bu isə yolu daha çətin edirdi.
Bəzən yolda silahdaşlarımızın şəhid olduğu xəbərlərini alırdıq, bəzən nəşlərini görürdük, bu isə ağrıların ən dözülməz olanı idi. Amma dözür və nə olursa-olsun, ruhdan düşməməyə çalışırdıq.
Bizi ən çox qürurlandıran an Hadrut qəsəbəsinə bayrağımızın sancılması olmuşdu. Yəqin, görmüsünüz o məşhur daşı, hansı ki ermənilərin bayrağı rəngində idi, daha sonra Azərbaycan bayrağı rəngində oldu.
Düz həmin o daşın altında bizim mövqeyimiz var idi. Həmin nöqtədən erməniləri atəş altında saxlayırdıq.
Ən çıxılmaz vəziyyətdə qaldığımız an kimi Topxana meşəsində mühasirəyə düşdüyümüz gecəni deyə bilərəm, harada ki mən yaralanmışdım. Düşmən ağır artilleriya atəşinin dəstəyi ilə bizə hücum etməyə çalışırdı, amma planları baş tutmadı. Bizə gələn kömək vasitəsilə mühasirədən çıxıb Şuşaya tərəf hərəkət etdik.
- Şuşanın azad olunması xəbərini harada və necə aldınız? O anı təsvir edə bilərsinizmi? Əsgər yoldaşlarınızla döyüş zamanı baş verən elə bir xatirəniz varmı ki, onu xatırlayanda həm gülürsünüz, həm də kədərlənirsiniz?
- Şuşanın işğaldan tam azad olunması xəbərini noyabrın 8-də alsaq da, biz şəhərin azad olunduğunu artıq noyabrın 6-7-dən etibarən bilirdik. Çünki bizim bölüyün planı Şuşaya gedən erməni dəstələrinin məhv edilməsi idi.
Şuşanın azad olunması xəbərini alanda artıq əmin idim ki, müharibə tezliklə bitəcək. Çünki onların inandıqları əsgərləri ölmüşdülər. Biz qalib gəlmişdik.
Biz əsgər yoldaşlarımızla o anı çox gözəl xatırlayırıq, çünki qürur dolu bir an idi, qalib gəlmişdik, digər tərəfdən isə dostlarımızı, qardaşlarımızı itirmişdik. Bəziləri yaralanmışdılar, bəziləri bədənlərinin bir hissəsini itirmişdilər. Əlbəttə ki, heç bir xalqın azadlığı qansız yazılmır. Biz bu tarixi yazmağı bacarmışdıq.
II Qarabağ müharibəsi Azərbaycan oğullarının dözümlülüyünün, mətanətinin, Vətənə olan sədaqətinin və sevgisinin dünyaya sübutu və bariz nümunəsidir.
- Müharibədən evinizə döndüyünüz günü necə xatırlayırsınız? Nə vaxt qayıdacağınızı evə demişdiniz, yoxsa sürpriz etdiniz?
- Həmin gün çox həyəcanlı və qürurlu idim. Ailəmin, qohumlarımın üzünə qürurlu baxa biləcəkdim. Torpaqlarımızın işğaldan azad olunması arzusu yerinə yetmişdi. Bu missiyanı şərəflə tamamlamışdıq. Onun həyata keçməsində mənim də bir balaca əməyim olduğu üçün qürurlu idim.
19 iyun 2021-ci ildə Ali Baş Komandan tərəfindən verilən sərəncama əsasən, iyul ayından etibarən həqiqi hərbi xidmətimi bitirib ailəmin yanına döndüm.
Evə gələcəyimizi hərbi hissə komandirindən öyrəndik. Hətta bizim üçün çox gözəl bir tədbir də keçirildi. Qayıdacağımı isə evdəkilərə deməmişdim, onlara sürpriz etdim.
- Hansı medallarınız var?
- Mənim dörd medalım var. Bunlar "Füzulinin işğaldan azad olunması", "Xocavəndin işğaldan azad olunması", "Şuşanın işğaldan azad olunması" və "Vətən müharibəsi iştirakçısı" medallarıdır.
Mənim üçün ən qürurlu anlardan biri də o olmuşdu ki, 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradında II Ordu Korpusunun tərkibində iştirak etmişəm.
Hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində gömrük inspektoru, gömrük xidməti leytenantıyam. Vətənimə xidmət edirəm!
- Habil, Xaricdə Təhsil üzrə Dövlət Proqramının qalibi oldunuz. Döyüşdən sonra oxumaq qərarına necə gəldiniz?
- Qeyd etdiyim kimi, mən Dövlət Gömrük Komitəsində fəaliyyət göstərirəm - gömrük xidməti leytenantıyam. Orada Dövlət Gömrük Komitəsinin başlatdığı ARAS layihəsi var - Avtomatlaşdırılmış Risk Analiz Sistemi. Bu, məlumatların öncədən emalı hesabına yük və nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradan, biznes subyektlərinin əməliyyat xərclərini azaldan süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən bir sistemidir.
Gördüm ki, həmin sahə üzrə Azərbaycanda ixtisaslaşmış kadr əskikliyi var. Düşündüm ki, niyə də özümü bu istiqamətdə inkişaf etdirib bu tip layihələrdə işləməyim? Əsasən də işğaldan azad olunmuş ərazilərdə.
Bu layihə indiki halda yalnız bir sərhəd-keçid məntəqəsində fəaliyyətə başlayıb. Təsəvvür edin, bunu bütün sərhəd boyu etsək, necə gözəl olar?! Bunun üçün isə ixtisaslı kadr lazımdır.
Ona görə də qərar verdim və ABŞ-nin Merilend Universitetinin "Applied Machine Learning" (tətbiqi maşın bilikləri) proqramına müraciət etdim, qalib oldum.
Ondan sonra dövlət proqramına müraciət etdim və onun da qalibi oldum. Hazırda təhsilimi ABŞ-də davam etdirirəm.
Əzizə İsmayılova
Rəylər