Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Talassemiyalı uşaqların pullarını mənimsəməkdə təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxslərdən biri Aynur Bayramova həbs edilib.
“Report” xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər məhkəməsində Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar qəbul olunub.
Zərərçəkənlər Aynur Bayramova və Aysel Məmmədovanın barələrində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət qaldırıblar.
Məhkəmə zərərçəkənlərin Aynur Bayramova ilə bağlı verilən vəsatətlərini təmin edib, o, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İttihama görə, Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq dövründə Nuridə Seyidova barəsində həbs qətimkan, Aynur Bayramova və Aysel Məmmədova barələrində isə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Rəylər