Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Müdafiə Nazirliyində 143 milyonluq MƏNİMSƏMƏ: Məhkəmə işi
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Nizami Məmmədovla birgə müttəhimlər kürsüsünə Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə çıxarılıblar.
Musavat.com xəbər verir ki, hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsi davam edir. Prosesdə şahid qismində A.Rzayev ifadə verib. O bildirib ki, "Kral" MTK-nın rəhbəridir. Nizami Məmmədovla bir dəfə görüşü olub: "Həmin görüş də qeyri-rəsmi idi. Biz Heydər məscidində yas məclisində görüşdük. Görüş 2-3 dəqiqə çəkdi. Mən onunla heç bir söhbət aparmadım. General olduğu üçün yaxınlaşaraq görüşdüm".
Şahid qeyd edib ki, Müdafiə Nazirliyinin elan etdiyi tenderlərdə iştirak edib, ayrı-ayrılıqda təqdim etdiyi sənədlər əsasında tenderlərin qalibi olub: "Mən özüm maliyyə işləri ilə məşğul olmamışam. Bu işlərlə işçim İlqar İsayev məşğul idi. Bizim bir neçə şirkət Müdafiə Nazirliyinin hərbi hissələrində avtomobillərin ehtiyat hissələrlə təmin olunması ilə bağlı tenderlərdə iştirak edilməsi üçün lazımi sənədləri təqdim edib. Tenderlərdə qalib gəlmişik və hərbi hissələri lazım olan avtomobillərin ehtiyat hissələri ilə təmin etmişik".
A.Rzayevin sözlərinə görə, 31 ildir Müdafiə Nazirliyinin tenderlərində iştirak edir və bu illər ərzində öz işlərini yerinə yetiriblər. Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkətlərin təsisçisi mərhum atası İslam Rzayev olub. Sonradan vərəsəlik əsasında şirkətlərin birinin təsisçisi bacısı, digər iki şirkətin təsisçisi isə özü olub. Şahid qeyd edib ki, əvvəllər Müdafiə Nazirliyinin avtomobillərini ehtiyat hissələrlə təmin olunması ilə bağlı tenderlərdə iştirak etsələr də, sonradan ərzaq təminatı ilə əlaqəli tenderlərə də qatılıblar. Şahid deyib ki, buna görə ikinci şirkəti təsis ediblər: "Biz sənəd təqdim edəndə eyni şirkətin həm avtomobillərin ehtiyat hissələri, həm də ərzaq təminatı ilə məşğul olmasının qeyri-mümkünlüyünü dedilər. Buna görə də biz başqa bir şirkət təsis etdik və ərzaq təminatı ilə bağlı tenderlərə qatıldıq".
A.Rzayev bildirib ki, Müdafiə Nazirliyinin tenderlərində qalib gələndən sonra maliyyə məsəllərinin tənzimlənməsi çox rahat olub, nazirliklə maliyyə məsələlərində heç bir problem yaranmayıb:
"Amma bəzi maliyyə məsələləri yaranıb. Bunu mənə İlqar İsayev deyib. Mən də bunun xərclərlə bağlı olduğunu bilmişəm. Biz vəsaitlərin ayrılması ilə bağlı heç kimə faiz ödəməmişik".
Şahid bildirib ki, maliyyə işləri ilə İlqar İsayev məşğul olub: "Mən heç kimə əlbəəl pul verməmişəm. Ola bilsin, həmin vəsaiti də İlqar İsayev verib. İlqar İsayev mənə həmişə deyib ki, maliyyə məsələləri var, mən də heç bir söz deməmişəm. Bunların məhsulların gətirilməsi, paylanılması xərcləri olduğunu düşünmüşəm".
Daha sonra şahidə istintaq zamanı verdiyi ifadəsinin digər hissəsi xatırladılıb. Şahidin nəzərinə çatdırılıb ki, o, istintaqa ifadəsində Mahir Şirvanova 165 min, Nizami Məmmədova 30 min manat çatdırdığını deyib. Şahid məhkəmədə etiraf edib ki, həmin ifadəni sənədlər əsasında verib. Onun sözlərinə görə, istintaqa ifadə verməyə gedən zaman özü ilə sənədlər aparıb və həmin sənədləri təqdim etməklə bu məzmunda ifadə verib. Daha sonra A.Rzayevin ibtidai istintaqa verdiyi ifadələr elan edilib. Hakim Fikrət Əliyev əvvəlcə onun 2 aprel 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində verdiyi ifadəsini elan edib.
Həmin ifadədən məlum olur ki, A.Rzayev Müdafiə Nazirliyinin elan etdiyi tenderlərdə iştirak edib, rəhbərlik etdiyi şirkətlər qalib elan edilib. İfadəsində o qeyd edib ki, 2015-2022-ci illərdə şirkətləri nazirliyin elan etdiyi tenderlərində məbləğ 22 milyon 656 min manat olub. A.Rzayevin ifadəsində göstərilib ki, Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən şirkətlərə ödəmələrlə bağlı heç bir gecikmə olmayıb, vəsaitlər vaxtlı-vaxtında ödənilib. A.Rzayev ikinci ifadəsini 25 aprel 2022-ci ildə istintaqa verib. O, həmin ifadəsində tenderlərdə qalib olduğu 3 milyon manatdan danışıb. Bildirib ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanova 201 min manat çatdırıb. O deyib ki, gəmi heyətlərinin alınması üçün 2 milyon manatlıq tenderdə qalib olub. Həmin məbləğdən Məlikməmməd Qurbanova 159 min manat "otkat" verib. A.Rzayev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində üçüncü dəfə 3 iyul 2023-cü ildə dindirilib. Məhkəmədə həmin ifadə də səsləndiriləndən sonra Allahverdi Rzayev sorğu-sual edilib. O, bütün ifadələrini təsdiqləyib. Yenə də Nizami Məmmədovu tanımadığını, onunla əlaqəsi olmadığını deyib. Məhkəmədə arayış verən Nizami Məmmədov bildirib ki, şahidi ilk dəfədir burada görür. Şahid onunla bağlı istintaqda ifadə verib: "O zaman da görməmişik, üzləşməmişik".
Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlov vəsatətlə çıxış edib. O, Şüvəlan qəsəbəsində Nüşabə Kazımovaya məxsus, dəyəri 100 min manat olan, üzərinə həbs qoyulan bağ evinin həbsdən çıxarılmasını, ziyanın ödənilməsi üçün satılmasını istəyib. Məhkəmə vəsatətini təmin edilməsi barədə qərar qəbul edib. Qərarda göstərilib ki, 9 avqust 2023-cü il tarixdə üzərinə həbs qoyulan əmlakın həbsdən çıxarılması, ziyanın ödənilməsi üçün istintaq orqanını nümayəndəsinin iştirakı ilə satılması, həmin məbləğ ziyanın ödənilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətində açılan hesaba köçürülməsi təmin olunmaldır. Həmçinin qərarın surətinin icra üçün Dövlət Təhlükəsizliyi Xidməti və Əmlak Komitəsinə göndəriləcəyi açıqlanıb. Daha sonra Vüsal Əlizadə vəsatətlə çıxış edib. O deyib ki, Maliyyə Nazirliyinin dövlət maliyyə nəzarəti xidməti tərəfindən Hərbi Dəniz Qüvvələrinin "N" saylı hərbi hissəsində şəxsi heyətin pul təminatının yoxlanılması istinad edilmədən, sırf mülahizə və ehtimallar əsasında aparılaraq qiymətləndirilib. Vüsal Əlizadə qeyd edib ki, təftişçilər yoxlamaları ədalətsizliklə aparıb, buna görə də təkrar yoxlama təyin edilməsini xahiş edir. Vəsatəti müzakirə edən hakim heyəti müşavirə keçirib. Vəsatət təmin olunmayıb. Prosesdə Cəlal Kazımov qeyd edib ki, hərbi hissələrdə yoxlamalar səthi aparılıb. Onun sözlərinə görə, əsgər kimi hərbi qulluqda olub: "Mənə nə göstəriş verilib, nə deyilib, onu da icra etmişəm. 30 il ərzində mənə nə deyiblər, onu da etmişəm. 29 ay vəzifədə olmuşam, 30 aydır cəzası çəkirəm. Hərbi hissələrdə yoxlamalar düzgün aparılmayıb. Hesablamalar da düzgün gəlmir".
Cəlal Kazımovun vəkili Əli Adıgözəlov bildirib ki, mənimsənilmə ilə bağlı hesablara köçürmələr olub. Bununla bağlı konkret şəxslərin ad və soyadları məlumdur: "Amma həmin şəxslər istintaq zamanı dindirilməyib. Növbəti iclasda həmin şəxslərin dindirilməsi üçün vəsatətlər verəcəyik".
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Növbəti proses iyulun 12-nə təyin edilib.
Rəylər