Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fazil Mustafa sui-qəsd cinayəti ilə bağlı: "Tətikçi ilə nə danışasıyam ki?"
"Məhkəmədə belə bir tələbin qoyulması qanunsuzdur. Çünki, bu konstitusiyada və cinayət qanunvericiliyində də var. Zərərçəkənin öz hüququdur ki, getsin ya getməsin. Bu şəxslərin cinayəti ifşa olunub. Zərərçəkmiş o halda iştirak edə bilər ki, hadisəni törədənlərlə hansısa formada tanışlığı, münasibəti olsun, əməlləri barəsində əvvəldən bilgisi olsun və sair. Bu adamlar həbs olunandan sonra bəlli olub ki, sui-qəsdi onlar törədiblər".
Bunu Gununsesi.info-ya özəl açıqlamasında Böyük Quruluş Partiyasının lideri, deputat Fazil Mustafa ona qarşı sui-qəsd cinayətinə görə mühakimə olunanların onun məhkəməyə gəlməsi tələbini şərh edərkən deyib.
Qeyd edək ki, prosesdə müdafiə tərəfi deputatın məhkəməyə gətirilməsinə dair dəfələrlə vəsatət versə də hakim heyəti bunu rədd edib.
Hazırda isə müdafiə tərəfi işə baxan məhkəmə kollegiyasının dəyişdirilməsini istəyir.
Fazil Mustafa xatırladır ki, həmin şəxslər hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilib: "İstintaq zamanı məlum olub ki, cinayəti bu adamlar törədib. Mən də onların heç birini tanımıram. Mən gedib orada nə danışasıyam ki? Məsələn, deyəcəklər ki, filan fikriniz xoşumuza gəlmirdi. Mən də deyəcəyəm ki, mənim fikrim erməninin, farsın, ümumiyyətlə türk düşməni olan hər kəsin xoşuna gəlmir. Mənim nümayəndəm var və o, orada iştirak edir. Məhkəməyə də ayrıca məktub yazmışam ki, nümayəndəm məni təmsil edir. Hüquqi əsas yoxdur ki, mən orada mütləq iştirak etməliyəm. Şahidin hansısa formada iştirakını tələb etmək, onu gətirmək olar. Ona görə də bu məsələdə təkid etmək, uzatmaq populizmə xidmət edir. Bu adamlar da xarici xüsusi xidmət orqanlarının şəbəkəsində olan adamlardır. Onların tapşırığını yerinə yetiriblər və buna görə də vəsait alıblar. Başqa arqument yoxdur. Bunların sahibləri İran dövlətində yüksək vəzifə tutan ruhanilərdir. Onların əmrini yerinə yetirən hansısa bir tətikçi ilə nə danışasıyam ki? Təəssüf ki, media sahəsində olan bəzi insanların naşılığı səbəbindən bu cür cinayətkarların təbliğatçısı olurlar. Hesab edirəm ki, bu cür cinayətlərin cəmiyyətə daha dəqiq çatdırılmasına ehtiyac var".
Milli Məclisin üzvü Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı yarım ilə yaxın sürən məhkəmə araşdırmaları sona çatmaqdadır. Artıq dindirmələr bitib, məhkəmənin gedişində cinayət işindəki sənədlərin tədqiqi gedir.
Gununsesi.info bildirir ki, ötən dövrdə müttəhimlərlə onların müdafiəçiləri F.Mustafanın məhkəməyə gətirilməsi üçün dəfələrlə vəsatət qaldırıb, onun sualları cavablamasını istəsələr də, hakimlər deputatın məcburi gətirilməsi barədə vəsatətləri təmin etməyib.
Bu səbəbdən mayın 31-də vəkillər işə baxan hakimlərə yazılı etirazlarını veriblər.
F.Mustafaya qarşı sui-qəsd cəhdində ittiham olunan beş nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu işin məhkəmə araşdırması hakim Elnur Nuriyevin sədrliyi ilə Kamran Muxtarov və Azər Tağıyevdən ibarət tərkibə həvalə edilib.
"Zərərçəkmişin məhkəmədə iştirakı, özü könüllü gəlmədiyindən məcburi gətirilməsi barədə qərarın çıxarılmasından ötrü dəfələrlə vəsatətlər qaldırmışıq. Hamısını da rədd etmisiniz. Məhkəmə istintaqı yekunlaşır, amma zərərçəkmiş gəlməyib. Müdafiə tərəfinin vəsatətlərinə göstərdiyi münasibət məhkəmənin qərəzli olduğunu ortaya qoydu", - F.Mustafaya atəş açmaqda ittiham olunan Səbuhi Şirinovun vəkili Elçin Sadıqovun sözləridir.
Digər vəkillər də eyni mövqedən çıxış ediblər. Onların fikrincə, zərərçəkmiş deputatı məhkəməyə gətirməməklə hakimlər öncədən hansı mövqedə olduqlarını göstərdilər. Bu səbəbdən, işin alınıb başqa hakimlər heyətinə verilməsini istəyirlər.
Təqsirləndirilən şəxslər də vəkillərin etirazını müdafiə ediblər:
"Zərərçəkmiş məhkəməyə gəlməlidir, ya yox? Gəlməlidirsə, niyə gəlmir? Siz onu niyə gətirmirsiniz?"
Etiraz məhkəmə tərkibində olan hakimlərin hamısına verildiyindən, bu məsələyə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov özü baxıb, qərar verməlidir. Bu qərarsa iyunun 7-nə təyin edilmiş növbəti məhkəmə iclasında açıqlanacaq.
Xatırladaq ki, Fazil Mustafa ötən il martın 28-də, axşam saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsində, yaşadığı evin qarşısında gülləyə tutulub. Deputat çiyin və bud nahiyəsindən yaralanıb.
Bu hadisəyə görə beş nəfər - Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinov, Emin Əliyarov və Rəşad Əhmədov - cinayət məsuliyyətinə cəlb olunub.
Cinayət işində iddia edilir ki, F.Mustafaya sui-qəsd planı İranın Rey şəhərində müzakirə olunub. Orada həmin planın icrası barədə tapşırıq verilib və Bakıya bundan ötrü 30 min dollar pul göndərilib.
Təqsirləndirilən şəxslərə dövlətə xəyanət, terrorçuluq, dövlət xadiminin həyatına sui-qəsd cəhdi də daxil, bir sıra ağır ittihamlar verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
Onlar özlərini qismən təqsirli bilir, deputata atəş açdıqlarını təsdiqləsələr də, bu olayın İrandan gələn sifariş olmadığını deyirlər. Təqsirləndirilən şəxslər deputatı öldürmək niyyətlərinin olmadığını, onu dini mövzuda səsləndirdiyi fikirlərə görə cəzalandırmaq qərarına gəldiklərini vurğulayıblar. Onlar iddia edirlər ki, elə bu üzdən deputatın həyati önəmli orqanlarına yox, çiyin və ayaq hissələrinə atəş açılıb.
"Fazil Mustafa" teqi üzrə xəbərlər
- Uşaqlara qarşı cinayətlər: Cəzalar sərtləşdirilməlidir? - "Kaspi"nin şərhi
- Bu xəbərləri qaçırmayın: 13.08.2024-ün ən mühüm hadisələri
- Fazil Mustafaya sui-qəsd cəhdində təqsirli bilinən şəxslərdən birinə ömürlük cəza verilib
- Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmə istintaqı yekunlaşıb
- Rəşad Əhmədov: "Fazil Mustafanı vurmaq üçün 30 min dolların az olduğunu dedi" - MƏHKƏMƏ İŞİ
Rəylər