Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dörd tələbəyə qarşı quldurluq edən keçmiş məhkum hakim qarşısına çıxarıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 181.2.1-ci (bir qrup şəxsə qarşı quldurluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Süleyman Bayram oğlu Əsgərovun məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, əvvəllər məhkumluq həyatı yaşayan Süleyman Əsgərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 4 tələbəsinə qarşı quldurluq edib. Məhkəmədə ilk olaraq Məhəmmədəli Namazov şahid qismində ifadə verərək qeyd edib ki, keçən il ADMİU-nun 2-ci kursunda oxuyarkən Süleyman Bayram oğlu Əsgərov onu parkda yanına çağırıb:
"Əl uzatdı salamlaşdı, adımı, yaşımı soruşdu. Sonra keçdi pul məsələsinə. Dedi burada qohumum olan qızı döyüb 175 manat pulunu alıblar. Mən həmin şəxsi axtarıram, tapsam, ona pis olacaq. Özüm 10 il həbsdə olmuşam. Sənin çantanı yoxlasam, əgər o pul oradan çıxsa sənin üçün pis olacaq. Dedim problem yoxdur, əlimi sıxdı, dedi kişi adamsan".
Digər şahid Punhan Quliyev də ifadə verərək bildirib ki, ADMİU-nun 3-cü kursunda oxuyur:
"27 sentyabr 2023-cü ildə dərsdən çıxıb evə getmək istəyən zaman keçmiş qrup yoldaşım Əli Nuruzadəni gördüm, o dedi ki, dünən mənə parkda bıçaq çəkib 20 manatımı alıblar, ehtiyatlı ol. Ondan ayrılıb metroya gedəndə daş pilləkənlərin yanında Süleymanı gördüm, mənə dedi ki, qohumumu döyüb pulunu alıblar. Sonra mənə dedi ki, üstündə nə qədər pulun var? Mən dedim ki, sənin nəyinə lazımdır? O da dedi ki, niyə belə sərt danışırsan? Mən neçə il həbsdə olmuşam, sənin üçün yaxşı olmaz. Bu vaxt arxadan qızla oğlan gəlirdi. Onları görüb mənimlə sağollaşdı. Mən bir az qabağa gedəndən sonra yadıma düşdü ki, Əliyə qarşı cinayət törədən bu adamdır. Dərhal Əlini tapdım, gedib dekanlığa dedik. Onlar da bizə dedilər ki, həmin yolla getməyin, oradan mühafizəçiləri göndərəcəyik tapsınlar həmin adamı. Mən yenə keçiddən keçəndə Süleymanı gördüm, hətta mənimlə salamlaşdı da. Mən bunu universitetin mühafizəçilərinə deyəndə, onlar mənə dedilər ki, oranın universitetə aidiyyəti yoxdur. Biz məcbur qalıb Əli ilə gedib Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinə şikayət etdik ki, belə bir adam tələbələrə hədə-qorxu gəlib pul alır".
Məhkəmə prosesi sentyabrın 20-nə kimi təxirə salındı.
Qeyd edək ki, ötən ilin iyul ayında Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılan Süleyman Əsgərov bundan öncə də quldurluq maddəsi ilə məhkumluq həyatı yaşayıb.
Süleyman günün istənilən vaxtında əsasən tələbələrə, yeniyetmələrə və taksi sürücülərinə bıçaqla hədə-qorxu gələrək onların pulunu ələ keçirirmiş. Narkotik istifadəçisi olan Süleyman Əsgərov əldə etdiyi pulları narkotik vasitələrin alışına sərf edib.
Rəylər