Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Deputata qarşı sui-qəsdlə bağlı məhkəmədə şahid: “Güllələr tək-tək atıldı, “7.62”nin səsi idi” - FOTO/VİDEO
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsd cəhdində təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi davam etdirilib və iş üzrə şahidlər dindiriliblər.
“Report” xəbər verir ki, şahid Elməddin Əliyev bildirib ki, axşam saat 10-a qalmış atəş səsi eşidib:
“Mən o ərazidə yaşayıram. Atəşin səsinə çıxdım. 21:35 olardı. Dalbadal iki-üç atəş səsi eşitdim. Aşağı düşəndə yanımdan təxminən 30 yaşında olan, başında kepka olan birinin keçdiyini gördüm”.
Digər şahid Samir Eyyubov hadisə vaxtı taksi fəaliyyəti ilə məşğul olduğunu deyib:
“Hava qaranlıq olduğundan, eyni zamanda, şəxsin üzündə maska olduğundan simasını görə bilmədim. O, arxa oturacaqda əyləşmişdi. Əlində çanta və onun da içində dikinə bir əşya olduğunu gördüm”.
Şahid Saleh Ağayev də hal şahidi olduğunu diqqətə çatdırıb. Bildirib ki, polislər onu evə baxış zamanı hal şahidi qismində dəvət ediblər:
“Təndirdə işləyirəm. Polislər məni işdən çağırıb dəvət etdilər. Evdə ancaq dini kitablar görmüşəm. Evdə iki xanım idi. Stolun da üstündə gözümün qabağında sayılmış 15 min manatı gördüm”.
Şahid İslam Zeynalov isə ehtiyatda olan zabit olduğunu deyib:
“Mən həmin ərazinin həndəvərində yaşayıram. Altı-səkkiz güllə atıldı. Güllələr tək-tək atılıb. “7.62”nin (“Kalaşnikov” avtomatının kalibri - red.) səsi idi”.
Məhkəmənin növbəti iclası martın 29-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisin deputatı Fazil Qəzənfər oğlu Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılıb. Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil veriliblər.
Faktla bağlı DTX-nin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
DTX-də aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs ediliblər.
Rəylər