Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Cinayət yolu ilə ələ keçirdiyi lazer aparatlarını gözəllik salonunun sahiblərinə satdı
Bakıda dələduzluqda təqsirləndirilən Cavad Ağayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərid Əyyubovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilib, Nərimanov Rayon Məhkəməsinin çıxardığı (əvvəlki cəzası ilə birgə) 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilib, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair müddəa ittihamdan xaric olunub. Ona 9 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, Cavad Ağayev cinayət yolu ilə ələ keçirdiyi 42 000 manat dəyərində bir ədəd lazer aparatını zərərçəkmiş Səma Əkbərovaya (şərti) guya özünə məxsus, heç bir problemi olmayan və istismara yararlı əmlakı kimi təqdim edib, ehtiyacı olduğu üçün dəyərindən aşağı qiymətə satmasını bildirib. O, həmin şəxsi özünə inandıraraq 10 oktyabr 2020-ci il tarixdə saat təxminən 12:45-də Nərimanov rayonunda yerləşən "Zenni Studio" gözəllik salonunda 30 000 manata satıb.
Bundan başqa Cavad Ağayev cinayət yolu ilə ələ keçirdiyi 9 800 manat dəyərində lazer aparatını zərərçəkmiş Mələk Quliyevaya (şərti) guya özünə məxsus, heç bir problemi olmayan, istismara yararlı əmlakı kimi təqdim edib 17 oktyabr 2020-ci il tarixdə saat təxminən 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov adına parkın yaxınlığında 2000 ABŞ dollarına satıb.
Daha sonra o, cinayət məsuliyyətinə cəlb edilib.
Rəylər