Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
BMW ilə bağbanı vuraraq öldürən vəzifəli şəxsə hökm oxundu
Abşeron Rayon Məhkəməsində qəza törətməkdə təqsirləndirilən Alim Əsədovun (ad və soyad şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Alim Əsədov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 1985-ci il təvəllüdlü Alim Əsədov Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının (YPXA) 11-ci taqımının operatoru vəzifəsində çalışıb. Polis serjantı rütbəsində xidmət edən təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə, saat 14 radələrində ona təhkim olunmuş BMW markalı avtomobilini özü idarə etməklə Abşeron rayonu, Novxanı kəndi, Novxanı-Masazır yolu ilə Binəqədi rayonu istiqamətində hərəkətdə olub. Bu zaman Alim Əsədovun mobil telefonuna zəng gəlib və o, diqqəti yayınaraq idarəetməni itirib. Sonra ehtiyatsızlıqdan həmin yol üzərində yerləşən marketin yaxınlığında nizamlanmayan piyada keçidindən yolu sağdan sola keçən piyada Mahir Qayıbovu (ad və soyad şərti) avtomobillə vurub. Ağır bədən xəsarətləri alan yaralı vəfat edib.
İstintaq dövründə Alim Əsədova başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə ifadəsində bildirib ki, atası Mahir Qayıbov 3-cü qrup əlil olub və Sumqayıt şəhərində yerləşən Əmanətlərin Sığortalanması Fonduna aid sahədə bağban işləyib. Qeyd edilib ki, təqsirləndirilən şəxs özü yas mərasiminə gəlməyib, lakin onun ailə üzvləri hadisə günü, dəfn günü, üçü və yeddisi günləri yas mərasimlərində iştirak ediblər, hətta maddi dəstək olmağa çalışsalar da, onların köməyindən imtina edilib.
Rəylər