Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qiymətlər artır, keyfiyyət azalır: Hər kəsə internet lazımdır?
Azərbaycanda internetin qiyməti 40 faiz artır. Bu barədə hələ ötən ayın sonunda ölkənin internet xidməti bazarında böyük paya malik olan "Aztelekom" MMC və "Baktelekom" MMC birgə məlumat yaymışdılar. Bildirilirdi ki, müştərilərin yüksəksürətli genişzolaqlı internetə artan tələbatını əsas tutaraq 15 avqust 2024-cü il tarixindən etibarən dəyişikliklər ediləcək.
Hər iki şirkət GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracağını vurğulayıb. Qərara görə, yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlamalı və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilməlidir.
Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.
Bəs görəsən, provayderlərin xidmət keyfiyyətini əsas tutaraq qiyməti qaldırması labüddürmü? Bu addımı atarkən vətəndaşların gəlirləri niyə nəzərə alınmır?
İnformasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ekspert Dadaş Cəfərov mövzu ilə bağlı Oxu.Az-a danışıb.
Ekspert bildirib ki, internet xidmətlərinin qiymətlərinin artırılması siyasətini ölkədə və dünyada informasiya infrastrukturunun yenilənməsi və təkmilləşməsi ilə əlaqələndirirlər:
"Bu yeniliklər müştərilərə genişzolaqlı, sürətli, dayanıqlı və stabil internet xidməti təmin etmək məqsədi daşıyır.
Hazırda müşahidə olunan internet xidmətləri bazarında artıq bir sıra provayderlər qiymət artımını tətbiq ediblər. Yeni qiymət tarifinin tətbiqindən sonra ölkədə bəzi internet provayderlərinin internet sürətində artım olsa da, digərlərində bunun əksi və ya fasilələrin yaranması müşahidə olunur. Buna əsas səbəb isə ölkəmizin bir sıra iri şəhərlərində, o cümlədən, paytaxtda internet provayderlərinin müştərilərə xidmət göstərdiyi şəbəkə topologiyasının düzgün qurulmaması və dayanmadan artan internet istifadəçiləri üçün nəzərdə tutulan şəbəkə avadanlıqların yetərli olmamasıdır.
Bundan əlavə, genişzolaqlı, yüksəksürətli, dayanıqlı və stabil internet xidmətinin təmin edilməsi üçün internet provayderləri böyük maliyyə xərcləri ilə qarşılaşırlar. Bir çox internet provayderləri bu xərcləri tam və vaxtında qarşılaya bilmirlər. Nəticədə provayderlərin müştərilərə təqdim etdiyi internet sürətinin müqavilədə göstərilən internet sürətindən aşağı olmasına və ya fasilələr yaranmasına gətirib çıxarır. Bu da müştərilərin haqlı narazılığına və neqativ fikirlərin formalaşmasına gətirib çıxarır".
D.Cəfərov vurğulayıb ki, internet tariflərinin artırılması və xidmətin keyfiyyəti siyasəti bir-birinə paralel şəkildə aparılmalıdır:
"Tam formalaşmayan internet qiymətlərinin artımı ilk növbədə sıravi vətəndaşların büdcəsinə neqativ təsir göstərir. Ölkədə internet provayderlərinin təqdim etdiyi xidmətlərin keyfiyyəti və qiymətinə xüsusi yaradılmış qurumlar tərəfindən ciddi şəkildə nəzarət olunmalıdır. Yeni internet xidmətlərinin keyfiyyətinin qiymət və sürət baxımından uyğun şəkildə həyata keçirilməsi, problemlərin tam aradan qaldırılması üçün müəyyən zamana ehtiyac var".
Məhərrəm Əliyev
"İnternetin sürəti" teqi üzrə xəbərlər
- İnternetin sürəti eynidir, amma keyfiyyəti fərqli: KİMƏ İNANAQ?
- Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?
- Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq?
- Sizə xəbərimiz var: 25.07.2024-ün ən mühüm hadisələri
- Sizə xəbərimiz var: 18.07.2024-ün ən mühüm hadisələri