Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan-Tacikistan biznes forumu keçirilib
Bakıda təşkil edilən Azərbaycan-Tacikistan biznes forumunda ölkələrimizin biznes və investisiya mühiti barədə məlumat verilib, ikitərəfli sənədlər imzalanıb, B2B formatda görüşlər olub.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, dövlətlərimizin rəhbərlərinin siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə inkişaf etməsində mühüm rol oynayır. Ölkələrimiz istər ikitərəfli və çoxtərəfli formatda, istərsə də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərir. Tacikistanla iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. 2024-cü ilin yanvar-aprel ayları ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 78% artıb. Bu göstəricinin daha da yüksəldilməsi üçün geniş imkanlar var. Bununla yanaşı, yüngül sənaye, kimya sənayesi, dağ-mədən sənayesi və digər istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi üçün potensial böyükdür.
Forumda Azərbaycanın əlverişli işgüzar mühiti, nəqliyyat-logistika potensialı, işğaldan azad edilmiş ərazilərimizdə, sənaye parklarında sərmayədarlar üçün yaradılan imkanlar, həyata keçirilən layihələr barədə məlumat verilib, həmçinin bu ilin noyabrında ölkəmizdə keçiriləcək COP29 çərçivəsində əməkdaşlıq imkanları diqqətə çatdırılıb, tacikistanlı həmkarlar və iş adamları fəal tərəfdaşlığa dəvət olunub.
Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ölkələrimizin biznes qurumlarının iştirakı ilə keçirilən bu cür forum və tədbirlərin işgüzar dairələr arasında səmərəli işbirliyinin qurulması baxımından əhəmiyyətini qeyd edib, Azərbaycanla iqtisadi-ticarət münasibətləri və investisiya tərəfdaşlığının inkişaf etdirilməsi haqqında fikirlərini bildirib.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Sulton Raximzoda, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Tacikistan Respublikası Hökuməti yanında İxrac Agentliyinin direktoru Baxriddin Sirocidinzoda Azərbaycan və Tacikistanın biznes və investisiya mühiti, işbirliyinin müvafiq istiqamətlər üzrə inkişaf etdirilməsi imkanları və istiqamətləri barədə çıxış ediblər.
Tədbirdə, həmçinin ölkələrimizin investisiya imkanlarına dair təqdimatlar olub.
Forumda iki ölkənin müvafiq qurumları və sahibkarlıq subyektləri arasında birgə təşəbbüslərin reallaşdırılmasını, sənaye, kənd təsərrüfatı, investisiya, turizm və s. sahələrdə əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.
Tədbir çərçivəsində B2B formatda görüşlər keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ilə görüşüb. Görüşdə qeyd olunub ki, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüş və tədbirlər, işgüzar əlaqələr ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın yüksələn xətlə inkişaf etməsində mühüm rol oynayır. Bildirilib ki, Tacikistanla energetika, alüminium sənayesinin inkişafı, aqrar, tekstil sahələrində birgə fəaliyyətin dəstəklənməsi əhəmiyyət kəsb edir.
Görüşdə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi imkanları nəzərdən keçirilib.
#Tacikistan-ın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ilə ikitərəfli #iqtisadi-#ticarət əlaqələrinin gücləndirilməsi imkanlarını nəzərdən keçirdik. Müzakirələr zamanı #sənaye, #energetika, aqrar, #turizm və digər sahələrdə birgə fəaliyyətin dəstəklənməsinin… pic.twitter.com/7iyXkyidmL
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 20, 2024
11:22
"Azərbaycan və Tacikistan arasındakı iqtisadi əməkdaşlıq siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır".
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Tacikistan Biznes Forumunda deyib.
Onun sözlərinə görə, bu ilin ilk dörd ayı ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi 78% artıb:
"Buna baxmayaraq, ikitərəfli əməkdaşlığı genişləndirə biləcəyimiz bir sıra istiqamətlər var".
Nazir qeyd edib ki, ilk növbədə iki ölkə arasında sənaye kooperasiyasını və investisiya əməkdaşlığını alqışlayırıq:
"Biz Azərbaycan biznesini Tacikistanla ticarət-iqtisadi əlaqələri genişləndirməyə çağırırıq. Öz növbəsində dövlət olaraq bu istiqamətdə öz dəstəyimizi göstərməyə hazırıq".
M.Cabbarov bildirib ki, digər tərəfdən nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün imkanlar mövcuddur:
"Tacikistan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən (Orta Dəhliz) aktiv şəkildə istifadə edir.
Orta dəhliz effektiv işləyir. Ötən il ərzində bu dəhliz üzrə daşınan yüklərin həcmində 86%-lik artım qeydə alınıb. Bu ilin 4 ayında isə yükdaşımaların həcmi 70% artıb".
Nazir kənd təsərrüfatı məhsullarının emalı sahəsində layihələrə investisiyaları nəzərdən keçirməyi məsləhət görüb.
"Sənaye zonaları qarşılıqlı maraqlar əsasında əməkdaşlıq üçün daha gözəl imkandır. Bakı Beynəlxalq Ticarət Limanı yaxınlığında olan Ələt azad iqtisadi zonası beynəlxalq investorlarla işgüzar təmaslara hazırdır. O, investorlara müxtəlif güzəştlər təklif edir", - M.Cabbarov əlavə edib.