Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Muxtar Babayev: "Ümumi çağırış budur ki, iqlim ehtiyacları trilyonlarla ölçülür"
"İqlim böhranı bir çoxları üçün ekzistensial xarakter daşıyır və hərəkətsizlik ciddi insan və iqtisadi itkilərə səbəb ola bilər".
"Report" xəbər verir ki, bunu COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Transformasiyaedici iqlim fəaliyyəti: Maliyyə daxilolmalarından təsirə və Çoxtərəfli İnkişaf Banklarının katalitik təsirinə keçid" mövzusunda təşkil olunan dəyirmi masada çıxışı zamanı bildirib.
M.Babayev qeyd edib ki, iqlim dəyişikliyindən təsirlənən icmalara qarşı mənəvi öhdəliklər var:
"Bu yük çox vaxt öndə olanların və maliyyə resursları ən az olanların üzərinə düşür. Təxminlərə görə, inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinə uyğunlaşma xərcləri illik ÜDM-in 4-5%-ni təşkil edir, borc öhdəlikləri isə bu məhdud resursların daha da tükənməsinə səbəb olur. İqlim maliyyəsi bu icmalar və iqlim dəyişikliyinin önündə olan milyonlarla insan üçün işləməlidir".
O əlavə edib ki, COP29 il ərzində iqlim maliyyəsini mərkəzi element kimi qəbul edərək, iddialı milli iqlim planlarının həyata keçirilməsini və iqlim maliyyəsinin artırılmasını qarşıya məqsəd qoyub: "Ümumi çağırış budur ki, iqlim ehtiyacları trilyonlarla ölçülür".
M.Babayev vurğulayıb ki, ambisiyalar və maliyyə arxitekturasında islahatların genişləndirilməsinə ehtiyac var:
"Mövcud maneələri aşmaq üçün maliyyə sisteminin bütün iştirakçılarını cəlb etməliyik. COP rəhbərliyi sizin təkliflərinizi eşitməkdən məmnundur. COP24-də Çoxtərəfli İnkişaf Bankları (MDB) Paris Sazişinə uyğun fəaliyyət göstərmə öhdəliyini təsdiqləmişdi. O vaxtdan MDB-lər 2019-2023-cü illər arasında iqlim maliyyəsini iki dəfədən çox artırıb. Mərakeş Bəyannaməsində birgə iqlim səyləri üçün əsas addımlar müəyyən edilib. MDB rəhbərləri 2024-cü ildə iqlim fəaliyyətlərinin gücləndirilməsinin əsas yollarını təqdim ediblər və 1,5 dərəcə hədəfinə nail olmaq üçün səylərə öz töhfələrini veriblər".
"Muxtar Babayev" teqi üzrə xəbərlər
- Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib
- Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
- Muxtar Babayev: "Qadınlar iqlim dəyişikliyindən əziyyət çəkən həssas təbəqəyə aiddirlər"
- Muxtar Babayev: "Dünyada şəhər əhalisinin xüsusi çəkisinin 70%-ə çatacağı proqnozlaşdırılır"
- Muxtar Babayev: "Turizm çox vaxt lazımınca qiymətləndirilmir"