Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Peşəkar Çövkən Liqasının başlaması ilə bağlı mətbuat konfransı və püşkatma mərasimi keçirilib
Peşəkar Çövkən Liqasının başlaması ilə bağlı mətbuat konfransı keçirilib, püşkatmadan sonra ilk turda üz-üzə gələcək komandalar bəlli olub.
Oxu.Az xəbər verir ki, keçirilən mətbuat konfransında Beynəlxalq Çövkən Federasiyasının prezidenti, Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev liqanın qaydaları haqqında açıqlama verib.
"Peşəkar Çövkən Liqasında 2024-cü ildə 10 komanda iştirak edəcək. Liqa 21 may tarixində start götürəcək. 18 tur keçiriləcək və hər komanda digərləri ilə 2 dəfə üz-üzə gələcək. Xal prinsipi olacaq.
Qalib üç xal, heç-heçə edən komandalar isə bir xal qazanacaqlar. Aydın məsələdir ki, məğlub olan tərəf isə xal qazana bilməyəcək. Çempionatın son turu 3-4 dekabr tarixlərində baş tutacaq. Görüşlərin hər biri Binə Atçılıq arenasında keçiriləcək. Növbəti ildən hər komandanın öz meydançası olacaq. Liqada yalnız cins atlardan istifadə olunacaq. Yarışları izləmək istəyən azarkeşlər heç bir ödəniş etməyəcəklər. Xatırlatmaq istəyirəm ki, 15-16 iyun tarixində ölkəmizdə növbəti Dünya Çempionatı keçiriləcək. 2025-ci ildə isə ölkəmiz Super Kubok turnirinə ev sahibliyi edəcək".
Daha sonra püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə ilk turda "Ağstafa Dilbaz" - "Zəfər", "Embavud" - "Köhlən", "Qarabağ" - "Şirvan Atçılıq", "Elit" - "Omar Atçılıq", "Polat Polo" - "Sərhəd" görüşləri baş tutacaq.
Qeyd edək ki, liqanın açılış turunun ilk görüşü "Ağstafa Dilbaz" - "Zəfər" komandaları arasında keçiriləcək.
Anar Həsənov
Rəylər