Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tarixi mübadilədə azad edilən rusiyalı qadın türk kəşfiyyatçılarından danışdı: "Çox təsiredici idi"
Rusiya, ABŞ və bir neçə digər ölkə arasında Ankarada həyata keçirilən genişmiqyaslı məhbus mübadiləsi çərçivəsində ABŞ-dən iki nəfər, Almaniya, Polşa, Sloveniya, Norveç və Rusiyadan bir nəfər olmaqla 7 təyyarə ilə 26 nəfər Türkiyəyə gətirilib.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MKT) 7 fərqli ölkədəki həbsxanalardan 26 nəfərin dəyişdirilməsi əməliyyatını qüsursuz şəkildə həyata keçirərək tarixi bir əməliyyata imza atıb.
Bütün dünyanın izlədiyi, ABŞ və Rusiyanın Türkiyəyə təşəkkür etdiyi böyük mübadilədə dəyişdirilənlərdən biri də rusiyalı sənət adamı - rəssam, musiqiçi və şairə Aleksandra (Saşa) Skoçilenko olub.
Skoçilenko 2022-ci ildə Ukraynanın işğalına etiraz əlaməti olaraq Rusiyanın böyük marketlər şəbəkəsində məhsulların üzərinə etiket yapışdırıb. O, Ukraynanın işğalından dərhal sonra dezinformasiya cinayəti çərçivəsində Rusiya ordusu ilə bağlı etibardan salan, yalan məlumat paylaşdığı iddiası ilə 7 il həbs cəzasına məhkum edilib.
MİT-in koordinasiya etdiyi casus mübadiləsi yolu ilə azadlığına qovuşan Saşa Skoçilenko Almaniyada verdiyi müsahibədə MİT əməkdaşları haqqında yüksək fikirlər səsləndirib və Ankara Esenboğa Hava Limanında baş verənlərdən danışıb.
Türkiyəyə gələnə qədər öldürüləcəklərini düşündüyünü deyən rusiyalı rəssam MİT əməkdaşlarının serialdakı personajlar kimi olduğunu deyib və onlara heyranlığını ifadə edib.
"Uzun müddət bizə hara getdiyimizi demədilər. Öldürüləcəyimizi düşünməyə başlamışdım. "Təyyarə vurulacaqmı?" - deyə düşünürdük. Hadisələr qəflətən baş verdi, hamımız şokda idik. Nəhayət, Ankaraya enəndə rahatladıq", - deyə o qeyd edib.
Skoçilenkonun sözlərinə görə, təyyarədən endikdən sonra avtobusa miniblər.
"Bizi qarşılayan türklər serialdakı personajlar kimi idilər. Hamısı qara kostyumda, ciddi və çox müasir görünüşlü idilər. Onlardan ətir qoxusu gəlirdi. Hər yerə çox gözəl ətir qoxusu yayılmışdı. Qulaqlıqları və şux duruşları ilə bizimkilərdən fərqli idilər. Çox cazibədar idilər və bu, inanılmaz dərəcədə təsiredici bir an idi", - deyə qadın əlavə edib.
Rəylər