Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Gürcüstanın paytaxtında kiçik Azərbaycan: Axundzadə adına Mədəniyyət Muzeyi
Gürcüstanın paytaxtı Tbilisidə yerləşən bu məkanı 1996-cı ildə ulu öndər Heydər Əliyev, daha sonra isə iki dəfə Azərbaycan Prezidenti İlham Əliyev ziyarət ediblər. Söhbət Gürcüstana gələn hər bir azərbaycanlının mütləq baş çəkmək istədiyi yerdən - Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyindən gedir.
Report.az-ın Gürcüstan bürosu muzeyə baş çəkib, oradakı şərait və eksponatlarla tanış olub.
Mədəniyyət ocağı Tbilisi şəhərinin mərkəzində - Vaxtanq Qorqasli küçəsində yerləşir. Bu ərazi "köhnə Tbilisi" kimi də tanınır. Üç mərtəbə, altı otaq, bir böyük tədbir zalı və kitabxanadan ibarət bina vaxtilə azərbaycanlı ədib, alim və dramaturq Mirzə Fətəli Axundzadənin öz vəsaiti hesabına tikilib. O, ömrünün sonuna qədər bu evdə yaşayıb. Ədib 1878-ci ildə elə bu şəhərdə vəfat edib və Tbilisi Botanika Bağında yerləşən müsəlman məzarlığında dəfn olunub.
Dünyaca məşhur ziyalılar Axundzadəni bu evdə çox ziyarət ediblər: Aleksandr Düma, Aleksandr Bestujev, Mixail Lermantov və başqaları. Deyilənə görə, A.Bestujev Axundzadəyə görə Azərbaycan dilini də öyrənib. O, qeydlərinin birində yazır: "O ki qaldı mənə, mən Azərbaycan dilini öyrənməyə başlamışam. Avropada fransız dili kimi, Asiyada da bu dili bilməklə oranı başdan-başa gəzə bilərsiniz". Bu fikirlərin yer aldığı yazıya elə muzeydə, Axundzadənin qonaq otağında da rast gəlmək olar. Otaq dövrün (XIX əsr) üslubuna uyğun olaraq dizayn edilib. Bu otaqda "Məclisi şüəralar" təşkil edilirmiş. Axundzadə öz gürcü dostları Georgi Orbeliani, Qreşaşvili, eləcə də azərbaycanlı aşıq, yazıçı və şairlərlə birlikdə poeziya gecələri keçirirmiş.
Muzeydə onu da öyrəndik ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və maarifçi Mirzə Şəfi Vazehin yaratdığı "Müdriklər dərnəyi" də Mirzə Fətəli Axundzadənin sağlığında bu binada fəaliyyət göstərib.
Binanın digər otağında Mirzə Fətəlinin ailəsinə və onun əsərlərinə aid miniatürlər, eksponatlar sərgilənir. Burada Mirzə Fətəlinin həyat və fəaliyyətini əks etdirən fotomateriallar, o dövr mədəniyyətimizə aid nümunələr qorunub saxlanılır. Onun oxuduğu məktəb, böyüdüyü ev, valideynləri, ailəsi və övladlarının fotoşəkillərini də burada görmək mümkündür.
Muzeydə dramaturqun iş masası da eksponat kimi ziyarətçilərə nümayiş olunur. Masanın üzərində bir kitab var, gələn qonaqlar oraya öz ürək sözlərini yazırlar. Bu kitabda müxtəlif ölkələrin prezidentləri, nazirləri, dövlət məmurları, mədəniyyət xadimləri, elm adamları və bir çox tanınmış şəxslərin rəy və imzaları var. Muzey fəaliyyətə başlayandan bu günədək artıq üç kitab dolaraq dəyişdirilib.
Azərbaycan Mədəniyyəti Muzeyində, ölkə mədəniyyəti və şəxsiyyətlərinə aid ayrıca bir otaq da var. Bundan başqa, binada Şuşa-Qarabağ guşəsi, Qobustan guşəsi də yer alır. Şuşa-Qarabağ guşəsində Şuşanın köhnə və yeni fotoşəkilləri, eləcə də Şuşadan gətirilən torpaq sərgilənir. Qobustan guşəsində isə orada çəkilmiş şəkillər və Qobustandan gətirilmiş təbii daş parçası nümayiş olunur.
Burada müxtəlif dövrlərdə muzeyi ziyarət edən dövlət xadimlərinin fotoşəkilləri də var. Odur ki, bu mədəniyyət ocağını ziyarət edərkən Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin, Gürcüstanın sabiq prezidentləri, baş nazirləri, hazırkı rəhbər və digər rəsmilərinin şəkillərini görmək mümkündür.
Muzeydə iki otaqdan ibarət böyük bir kitabxana da mövcuddur ki, burada Azərbaycan, gürcü və dünya ədəbiyyatının ən zəngin nümunələrini tapmaq olar. Kitabxanadan yararlanmaq istəyən hər kəs muzeyə üz tuta bilər.
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva deyir ki, 2008-ci ildən bəri bu mədəniyyət ocağına rəhbərlik edir və ötən müddət ərzində muzeyi ziyarətə gələn siyasətçilərin, ziyalıların hamısı xoş təəssüratla ayrılıb: "Xatirə kitabındakı yazıları oxuyanda anlayıram ki, bu muzey kiçik bir Azərbaycandır. Biz də buradakı Azərbaycanımızı qoruyub saxlamalıyıq".
Direktorun sözlərinə görə, ziyarətçilər daha çox xaricilərdir. Aylıq ziyarətçi göstəricisi 200-300 nəfərdir: "İl ərzində 3 minə yaxın ziyarətçi qəbul edirik. Onlar daha çox İran və Türkiyədən gələnlərdir. Biz, həmçinin əməkdaşlıq etdiyimiz təşkilatlar vasitəsilə Türkiyədə təşkil edilən forumlara qatılırıq".
Muzey müxtəlif tədbirlərə də ev sahibliyi edir. Azərbaycan üçün önəmli olan günlər burada qeyd edilir. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 Mart - Dünya Azərbaycanlılarının Soyqırımı Günü ilə bağlı tədbirlər və sərgilər təşkil olunur. Digər önəmli günlər də muzeyin tədbirlər planında öz əksini tapır. Belə ki, il ərzində 28 May - Müstəqillik Günü, 8 Noyabr - Zəfər Günü, 26 İyun - Silahlı Qüvvələr Günü, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Novruz bayramları təntənəli şəkildə qeyd edilir. Belə günlərdə muzey bir növ soydaşlarımızın toplaşma məntəqəsinə çevrilir.
Bunlardan əlavə, muzeydə beynəlxalq sərgilər də təşkil edilir. Gürcüstanda yaşayan azərbaycanlı rəssamların əl işləri Bakıda, Azərbaycanda yaşayan rəssamların əsərləri isə burada sərgilənir Ötən ilin statistikasına görə, muzey 40 belə tədbirə ev sahibliyi edib.
Muzeydə həm də mədəni-maarif işləri görülür - müxtəlif kurslar fəaliyyət göstərir. 2010-cu ildən bəri burada insanlara Azərbaycan, gürcü, ingilis dilləri öyrədilir. 2012-ci ildən etibarən isə Azərbaycan xalçaçılıq sənətinə dair kurs fəaliyyət göstərir. Onu da qeyd edək ki, xalçaçılıq sənətinə dair bu fəaliyyəti 2012-2016-cı illərdə Gürcüstanın Mədəniyyət Nazirliyi maliyyələşdirib və dəstək olub.
Paralel olaraq, muzeydə aşıq sənəti dərsləri tədris edilir. Aşıq sənətinə tək soydaşlarımız yox, əcnəbilər də yaxından maraq göstərirlər. İngiltərə, Avstriya, Almaniya və İtaliyadan olan tələbələr, xüsusilə Gürcüstanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri bu sənəti öyrənməyə can atırlar.
Bununla da bitmir, qədim türk sənəti olan "Ebru"nu öyrənmək istəyənlər də buraya üz tuturlar.
Bu arada, muzeyin tarixinə də qısa nəzər salaq: hazırkı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi 1982-ci ildə Axundzadənin ev muzeyi kimi fəaliyyətə başlayıb. 2007-ci ildə muzeyin statusu dəyişdirilib. O zaman iki otaqdan ibarət olan Azərbaycan Mədəniyyət Mərkəzi Nəriman Nərimanov muzeyinin bazasında olan Cəlil Məmmədquluzadə muzeyi ilə birləşdirilib və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi yaradılıb. Mədəniyyət ocağı elə həmin ildən Gürcüstanın Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən muzey binasının əsaslı şəkildə təmirinə başlanılıb. 2012-ci ildə təmir işləri tamamlanıb və 2013-cü ilin mayında muzeyin açılışı baş tutub.
Hazırda muzeydə gürcü və azərbaycanlılardan ibarət 14 nəfərlik kollektiv çalışır. Muzeyin qapıları həftənin bazar ertəsi istisna olmaqla hər gün saat 11:00-dan 18:00-a qədər ziyarətçilərin üzünə açıqdır. Muzey Tbilisinin turizm marşrutuna da daxil edilib. Bu isə ziyarətçilərin kütləviliyini artırmış olur.
Muzeyə giriş biletinin qiyməti 3 laridir (1,80 manat). Məktəblilər üçün güzəştlər var - 2 lari (1,20 manat). Təqaüdçülər, veteranlar və altı yaşdan aşağı uşaqlar isə ödənişsiz muzeyi ziyarət edə bilirlər.
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Bakının mərkəzində illərdir gizli qalan tarixi abidə
- Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ
- COP29 çərçivəsində Azərbaycan pavilyonunda "İqlim üçün mədəniyyət" adlı tədbir keçirilib
- Mədəniyyət naziri Adil Kərimli türkiyəli həmkarı ilə görüşüb
- "CineMastercard" kinoteatrında "Tağıyev: Neft" filminin təqdimatı keçirilib