Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Crocus" terroru ilə bağlı yeni təfərrüat: Məhv edilmiş telefonlar istintaqa kömək etdi
Rusiyanın Moskva vilayətində "Crocus City Hall" konsert zalında baş verən terror işinin açılması terrorçuların telefonları sayəsində mümkün olub. İstintaq Komitəsi bu cihazlardan bütün lazımi məlumatları əldə edə biliblər.
Oxu.Az-ın "Komsomolskaya Pravda"ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bildirib.
Onun sözlərinə görə, rəqəmsal izlərin təhlili üçün əməkdaşlar xüsusi proqram təminatından istifadə edirlər.
"Krasnoqorskdakı "Crocus City Hall" konsert zalında terror aktı ilə bağlı cinayət işinin istintaqı zamanı müstəntiqlərimiz və kriminalistlər tərəfindən yüzlərlə müxtəlif daşıyıcıdan böyük həcmdə məlumat təhlil edilib. Hücumdan sonra iştirakçılar mobil telefonları məhv etməyə çalışıblar, lakin cihazların ekspert tədqiqatının nəticələri cinayətə hazırlıq şərtləri haqqında istintaq üçün əhəmiyyətli məlumatlar əldə etməyə imkan verib", - deyə o bildirib.
Xatırladaq ki, martın 22-də axşam Moskva vilayətindəki Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında terror aktı baş verib. "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb.
Növbəti gün hüquq-mühafizə orqanları hücumda şübhəli bilinən dörd nəfəri saxlayıb. Onlar Tacikistan vətəndaşları Şamsiddin Fariduni, Saidakrami Murodali Raçabalizoda, Dalercon Mirzoyev və Muhammadsobir Fayzov olublar. Onlar istintaq təcridxanasına göndəriliblər. Onlara ömürlük həbs cəzası təhlükəsi var.
Həmçinin hücum edənlərə ağ "Renault Symbol" satan Dilovar və Aminçon İslomov qardaşları, onların atası İsroil, terrorçulara mənzil kirayələyən Alişer Kasımov, Nazrimad Lütfulloi, Yakubconi Yusufzoda və Muhammad Şaripzoda həbs ediliblər. Son üç nəfər terror aktının maliyyələşdirilməsində şübhəli bilinir.
Rəylər