Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ-də orqanik köklər ölümcül epidemiyaya səbəb oldu
Kaliforniyada (ABŞ) "Grimmway Farms" tərəfindən istehsal olunan köklər "E. coli" (bağırsaq çöpü) epidemiyasına səbəb olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global" xəbər yayıb.
Bildirilib ki, epidemiya nəticəsində bir nəfər həyatını itirib, 15 nəfəri xəstəxanaya yerləşdirilən ümumilikdə 39 yoluxma halı qeydə alınıb.
"Grimmway Farms" buna görə bütün məhsullarını geri çağırıb.
"Artıq market rəflərində olmaması gərəkən, lakin hələ də istehlakçıların soyuducularında və ya dondurucularında qala biləcək kök məhsulları geri çağırılır", - deyə məlumatda bildirilib.
Həmçinin evlərdə bu şirkətin müxtəlif markalar altında olan məhsulları varsa, atılması tövsiyə olunub.
Şirkət məhsulların "şiga toksini" ifraz edən "Escherichia coli" (E. coli) bakteriyası ilə çirklənə biləcəyini açıqlayıb.
Qeyd olunub ki, bu bakteriya xüsusilə kiçik uşaqlarda, yaşlılarda və immun sistemi zəif olan şəxslərdə ağır nəticələrə gətirir, bəzən də ölümə səbəb olur.
"E. coli" infeksiyasının əlamətləri arasında güclü qarın sancılanması, qanlı ishal, qızdırma, ürəkbulanma və qusmalar var. Xəstəliyin inkubasiya müddəti 24 saatla 10 gün arasında dəyişir və adətən 3-4 gün davam edir.
ABŞ Qida və Dərman İdarəsi (FDA) "E. coli" infeksiyalarının ağır hallarda yüksək təzyiq, xroniki böyrək xəstəliyi və nevroloji problemlərə yol aça biləcəyi barədə xəbərdarlıq edib.
Rəylər