Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Eyni halı mən də yaşamışam" - Cahid Şahbazovdan şikayət edən xanıma Anar Ağakişiyevdən DƏSTƏK
Həkim-oftalmoloq Cahid Şahbazovla bağlı yeni iddia ortaya çıxıb. Gənc bir xanım iddia edir ki, C.Şahbazov onun sol gözünü iflic edib. Sözügedən şəxs bu barədə sosial şəbəkə hesabında yayımladığı videoda danışıb. O bildirib ki, gözündə ağrı olduğu üçün Cahid Şahbazova müraciət edib, ancaq oftalmoloq uğursuz əməliyyat həyata keçirib və iddiaçı xanımın müraciətinə laqeyd cavab verib.
Oxu.Az məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün oftalmoloq Cahid Şahbazov ilə əlaqə saxlamağa çalışıb.
Köməkçisi kimi təqdim olunan Nigar xanım həkimin məsələ ilə bağlı "Instagram" sosial şəbəkəsindəki səhifəsində açıqlama verdiyini bildirib. O qeyd edib ki, Cahid Şahbazov hazırda ölkə xaricindədir və təxminən 1 həftəyə geridönüş edəcək.
Səsli və ya yazılı açıqlama təklifinə isə "həkim razılaşsa, geri dönüş edərəm" cavabını aldıq.
Qeyd edək ki, Cahid Şahbazov sosial şəbəkədə yayımladığı videocavabda iddianı təkzib edib və aparılan prosedurları izah edib:
"Çoxsaylı media qurumlarından və sosial media platformalarından açıqlama və müsahibə tələbləri aldığımız üçün hər birinə ayrı-ayrılıqda cavab vermək mümkün deyil. Buna görə də, məsələyə dair açıqlamamızı öz səhifəmizdə paylaşırıq.
Cərrahi fəsadlar və gözlənilməz nəticələr çox sayda əməliyyat edən mərkəzlərdə zaman-zaman rast gəlinən hallardır. Hər bir cərrahiyyənin öz fəsadları və idarəetmə yolları mövcuddur. Mən, peşəkar bir göz cərrahı olaraq, əməliyyatdan əvvəl və əməliyyat zamanı yaranacaq fəsadları tanımağı və onları idarə etməyi öyrənmiş biriyəm.
Bu videoda aldığımız şikayətlə bağlı düşüncələrimi və prosesin təfərrüatını bölüşməyə çalışdım. Gözlənilməz bir nəticə ilə qarşılaşdıqda belə, xəstələrimizin etimadını başa düşməyə çalışır, həmişə onlara empati ilə yanaşaraq həll yolları təklif edirik. Üçüncü bir əməliyyat planı da daxil olmaqla hər zaman kömək etməyə hazırıq.
Sözügedən vəziyyətdə əməliyyat uğurla başa çatmış, lakin ikinci və ya üçüncü həftədə, ehtimal ki, xəstənin diqqətsizliyi və ya xarici bir travma nəticəsində tikişlərin qopması və əzələ yırtılması baş vermişdir. Bu vəziyyət ya eyni əməliyyatın təkrarı, ya da fərqli bir üsulla aradan qaldırıla bilər. Lokal anesteziya altında təkrar etdiyimiz əməliyyat uğursuz oldu, buna görə də silikon asqı və ya frontal asqı üsulunu təklif etdik. Təəssüf ki, bu prosesdə şantaj xarakterli ifadələrlə qarşılaşdıq.
Xəstənin narazılığını başa düşürük, lakin hər şeyin hüquqi və etik çərçivədə aparılmasının vacibliyinə inanırıq. Təxminən 20 illik təcrübəyə malik bir cərrah olaraq, bu cür təzyiq və təhdidlərə boyun əymirəm. Əsas məsələ qarşılıqlı anlayış və empati ilə həll yoluna fokuslanmaqdır".
O, daha sonra həmin xanım pasiyentin sözügedən şəxsin onu təhdid etdiyini vurğulayıb:
"Bu tələbi biz qarşılamayacağıq. Yardım istəsə, Türkiyədəki müəllimimlə konsultasiya və 3-cü əməliyyat təklif edə bilərik. Həm də 3-cü əməliyyatı özümüz də edə bilərik. Bu xanım mənə sosial mediada təhdid edəcəyini dəfələrlə bildirib, bu, yazışmalarda da qeyd olunub. Belə olduğu halda hüquq-mühafizə orqanlarına müraciət edəcəyik".
Qeyd edək ki, tanınmış stilist Anar Ağakişiyev də sosial şəbəkə hesabında eyni halla qarşılaşdığını bildirib:
"Eyni halı mən də o həkimlə yaşamışam. Allah köməyiniz olsun. Onun qüsurunu düzəltmək üçün xaricdə üç dəfə əməliyyat oldum. Sizi çox gözəl anlayıram. Ümumiyyətlə, Səhiyyə Nazirliyi hara baxır?!"
Məhərrəm Əliyev
Rəylər