Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
9 aydır itkin düşən Rasimin atası: "Cinayətin üstünün açılmasına imkan vermirlər"
"9 aydır ki, bizi aldadırlar. Hər yerə müraciət etmişik, elə deyirlər ki, səbirli olaq. Daha nə qədər səbir göstərək? Oğlum sahədən yoxa çıxıb. Həmin vaxt isə orada 7 nəfər olub. Həmin şəxslərin izahatını alıb, buraxıblar. Onları niyə istintaqa cəlb etmirlər?"
Bunu Musavat.com-a açıqlamasında ötən ilin dekabrın 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 11 yaşlı Rasim Xankişiyevin atası Vasif Xankişiyev deyib. O bildirib ki, istintaqın gedişatından narazıdır.
"İki aya yaxındır ki, Sabirabadda su kanalını axtarırlar. Deyirlər, suda axtarış bitəndən sonra quru əməliyyatına başlayacaqlar. Halbuki, bir dəfə 15 gün ərzində suyu axtardılar və heç nə tapılmadı. SOCAR şirkətinin aparatı var. Torpağın altında olan hər şeyi göstərir. Onunla da bir nəticə əldə olunmadı. Deməli, bu uşaq suda deyil. İlk gündən prokurora bildirdim ki, 60 sm-lik suda 1m 42 sm boyu olan uşaq bata bilməz.
Qurunu da Fövqəladə Hallar Nazirliyinin (FHN) itləri ilə gəzdilər, axtardılar. Quruda da heç nə yoxdur. Uşağımın oğurlandığını düşünürük. Çünki onun nə ölüsü, nə də dirisi tapılır.
İmişli prokurorluğu səhlənkarlıq edir. İlk vaxtlardan kəndin giriş-çıxışı bağlansaydı, başqa əməliyyat tədbirləri görülsəydi, cinayət işinin üstü açılardı.
Kanalın qırağında əl izləri var idi. Onları Türkiyəyə ekspertizaya göndərdim. Məlum oldu ki, böyük adamın əl izidir.
Rasimin nə paltarını ekspertiza ediblər, nə də telefon danışıqlarını çıxarıblar. Günorta saat 2-yə 2 dəqiqə işləmiş Sərdar adında adamdan ona zəng gəlib, lakin telefonu uşaq açmayıb. Həmin vaxtdan Rasim yoxdur.
Sərdar deyir ki, guya oğlumdan onun heyvanlarının bizim sahəyə keçib-keçmədiyini soruşacaqmış.
Ehtiram adlı çoban isə bildirir ki, həmin radələrdə Rasimə deyib ki, mal-qaraya baxsın, bir neçə dəqiqəyə qayıdır. Qayıdıb gələndə görüb ki, mallar ətrafa dağılışıblar. Oğlum isə bizim sahəmizdədir. Bu, onun ifadəsidir. Nə dərəcədə doğru olduğunu bilmirəm.
Sinif yoldaşı Əli də orada qoyun otarırmış. O, bizə heç nə görmədiyini dedi. Polislərə isə bildirib ki, övladımın telefonunu, ayaqqabısını və yun gödəkcəsini görüb. Görünür, kimsə Əlini qorxudub deyə bizə etiraf etmədi. İşin arxasında kiminsə durduğunu düşünürük. Həmin şəxs istintaqın gedişatına mane olur və cinayətin üstünün açılmasına imkan vermir".
Qeyd edək ki, 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun İmişlidə Boztəpə kanalında batması ehtimal olunur.
Hadisə ilə bağlı əvvəl İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Sonradan baş prokuror Kamran Əliyevin tapşırığı ilə cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Ötən ay baş prokuror R. Xankişiyevin nənəsini qəbul edib.
İmişlidə 9 aydır itkin düşən 11 yaşlı Rasim Xankişiyevin yaxınları və həmkəndliləri Qaragüvəndikli kəndinin avtomobil yolunu bağlayaraq etiraz aksiyası keçirirlər.
APA xəbər verir ki, aksiya səhər saatlarından başlayıb və hələ də davam edir.
Rasimin atası Vasif Xankişiyev bildirib ki, 9 aydır oğlunun itkin düşməsi ilə bağlı istintaqın gedişatında heç bir irəliləyiş yoxdur: "İşin açılmasında vacib rol oynayan insanlar istintaqa cəlb olunmurlar. Ona görə də istintaqın hərəkətsizliyinə etiraz olaraq məcbur qalıb yolu bağlamaq qərarı verdik ki, şikayətçi olduğumuz şəxslər istintaqa cəlb edilsinlər".
Qeyd edək ki, 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin ötən il dekabrın 26-da İmişlidə Boztəpə kanalında batması ehtimal olunur.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.
Sonradan cinayət işi İmişli Rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Rəylər