Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bu gün Cabir Novruzun doğum günüdür
Bu gün Azərbaycanın Xalq şairi Cabir Novruzun doğum günüdür.
Oxu.Az xatırladır ki, Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunda Upa kəndində anadan olub.
O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil alıb. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinə daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilib və 1957-ci ildə oranı bitirib.
1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. O, 1970-1997-ci illərdə Azərbaycan yazıçılar İttifaqı İdarə Heyətinin katibi olub.
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.
Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərib. Vətənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx bağlı olub. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirib və bu poeziyanı daha həyati edib.
Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb.
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olub, xalqımızın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.
Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” (30.07.1979), “Azərbaycan Respublikasının Xalq şairi” (09.12.1999) fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 69-cu ilində Bakı şəhərində vəfat edib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ
Rəylər