Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bədənimizdə vitamin çatışmazlığını NECƏ bilək?
Vitaminlər orqanizmdə mühüm rol oynayır. Belə ki, onlardan hansısa birinin çatışmaması müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Yəni hər bir vitamin çatışmazlığının özünəməxsus əlamətləri var. İnsan, əlamətlərə əsasən, hansı vitamin çatışmazlığından əziyyət çəkdiyini təxmini müəyyən edə bilər.
Həkim-terapevt Rasif Bağırov Bizim.media-ya bildirib ki, çox vaxt vitamin çatışmazlığı gözlərdə problemə səbəb olur, görmə qabiliyyətini zəiflədir:
"Çünki gözün hər şeyi rəngli görə bilməsi A vitamini ilə bağlıdır. Gün ərzində insan nə qədər televizorda rəngli kadrlara baxırsa, bir o qədər A vitamini sərf edir. A vitamini saçın möhkəmliyi üçün vacibdir, o, keratinin sintezində iştirak edir. Amma A vitamini normadan artıq olanda qaraciyərdə müəyyən xəstəliklər yaradır".
Terapevt bildirib ki, B vitamin çatışmazlığı isə adətən, mədə-bağırsaq və sinir sistemində problemlər yaradır:
"Lakin B1-B12 vitaminlərinin çatışmazlığı ayrı-ayrılıqda xəstəliklər yarada bilir. B1 çatışmazlığı beri-beri xəstəliyini yaradır. Beri-beri olduqca ağır xəstəlikdir. B1 çatışmazlığı həm də mədə-bağırsaq sisteminin pozulmasına da gətirib çıxarır. Ona görə də şəkərli diabet olan xəstələrin ayaqlarında neyropatiya yaranır. Bunun üçün şəkər xəstələrinə qara çörək məsləhət görülür.
C vitamin çatışmazlığı isə dişin dibində irinli yaralar əmələ gətirir. C vitamini həm də antioksidant maddə olduğuna görə orqanizmin hüceyrələrinin müdafiə sistemində çox yaxşı iştirak edir.
D vitamini isə orqanizmi kalsiumla təmin edir. Kalsium isə dəri, əzələ və sümük sisteminin möhkəmlənməsinə yardım edir. Yəni D vitamini çatışmayanda bədəndə kalsium da azalır".