Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakının mərkəzindəki küçə əsaslı təmir olundu: Səki yenə yada düşmədi?
Bakının mərkəzində yerləşən Mirzəağa Əliyev küçəsində təmir işləri aparılsa da, səki məsələsi həll edilməyib.
Oxu.Az xəbər verir ki, küçədə uzun müddətdir ki aparılan təmir işləri yekunlaşıb, yola asfalt örtüyünün çəkilməsi işləri də tamamlanıb.
Məsələ burasındadır ki, yaşayış ərazisindən keçən yolun təmiri zamanı səki məsələsi nəzərə alınmayıb.
Yolun əksər hissəsində səki ümumiyyətlə, yoxdur və sakinlər avtomobillərin intensiv olduğu hərəkət zolağına çıxmağa məcburdurlar. Küçədə elə həyətlər var ki, onların qapısı birbaşa hərəkət zolağına açılır.
Bu isə piyadaların həyatını təhlükəyə atmaq deməkdir.
"Yolda əsaslı təmiri aparıldığı halda niyə səki məsələsi diqqətdən kənarda qalıb?" sualına cavab axtarmağa çalışdıq.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildir ki, bu, təmsil etdiyi qurumun işi deyil.
"Biz yalnız mövcud küçənin asfaltlanmasını həyata keçirmişik. Digər məsələ isə bizlik deyil", - deyə A.Nəcəfli bildirib.
Sualımızı Nəsimi Rayon İcra Hakimiyyətinə ünvanladıq. Əvvəlcə sualımıza cavab veriləcəyi bildirilsə də, sonradan zənglərimizə cavab verən olmadı.
Qeyd edək ki, təmirdən öncə də Mirzəağa Əliyev küçəsinin bir hissəsində piyadalar üçün səki olmayıb.
Əzizə İsmayılova
Rəylər