Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda gecəyarısı söküntü QALMAQALI: Evindən sürüklənərək çıxarılan qadın DANIŞDI
Bakının Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 145 ünvanında söküntü işləri zamanı yaranan qalmaqalın bəzi detalları məlum olub.
Ev sahibi Afət Quliyevanın sözlərinə görə, "İbrahim Q" MTK tərəfindən aparılan söküntü işləri zamanı ona heç bir məlumat verilməyib və bununla bağlı məhkəmə qərar çıxarmayıb:
"Evdə tək idim, heç bir xəbərdarlıq olunmadan axşam saatlarında mənzilin elektrik enerjisini kəsdilər. Qonşularım enerjini bərpa etdikdən qısa müddət sonra 35 nəfərdən ibarət işçi qrupu traktorla vurub evi dağıtdılar. Məni isə sürüyərək döyə-döyə apardılar. Bütün zinət əşyalarım, pullarım dağıntılar altında qalıb".
Qonşular bildiriblər ki, altı il ərzində həmin evin qazı, işığı və suyu müxtəlif vaxtlarda naməlum şəxslər tərəfindən kəsilirmiş.
Məsələ ilə bağlı "İbrahim Q" MTK-nın vəkili Yavər Yavərzadə bildirib ki, şirkət ev sahibəsi ilə ortaq məxrəcə gəlməyə çalışsa da, Afət Quliyevanın sərhədsiz tələblərinə görə bu baş tutmayıb:
"Həmin sakin 13,5 kvadratmetr sahədən ibarət mənzilin əvəzinə şirkətdən fantastik rəqəmlər tələb etdiyinə görə onunla indiyədək razılıq əldə olunmayıb. Şirkət yeni tikiləcək binada 50 kvadratmetr ölçüdə mənzil təklif edir və o zamanadək kirayə və təmir pulu tərəfimizdən təqdim olunur. Bununla razılaşmayacağı təqdirdə sahib olduğu sahənin əvəzinə bazar dəyərindən qat-qat artıq kompensasiya da təklif olunub. Bütün bunlara baxmayaraq həmin sakinlə razılıq əldə edə bilmirik. Üç ilə yaxındır ki, digər sakinlər kirayə yaşayırlar və bir nəfərin köçməməsi səbəbindən binanın inşasına başlaya bilmirik".
Daha ətraflı Real TV-nin süjetində:
Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 145 ünvanında ağacların kəsilməsi ilə bağlı yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Oxu.Az bildirir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Xidmət rəsmisi Qafar Ağayevin sözlərinə görə, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.
"Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır", - deyə məlumatda qeyd olunub.
01:36
Bakıda söküntü işlərinin aparıldığı ərazidə öz mənzilini tərk etməkdən imtina etdiyi güman edilən qadın gecə saatlarında naməlum şəxslər tərəfindən evindən zorla çıxarılıb.
Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunun Murtuza Muxtarov 145 küçəsində qeydə alınıb.
Belə ki, bir neçə nəfər öncə qadının yaşadığı evə yaxınlaşaraq oradakı çəpəri sökməyə çalışıblar.
Sonra ekskavator işə salınaraq həm çəpər dağıdılıb, həm də oradakı ağac qırılıb.
Ardınca naməlum şəxslər qadının evinə girərək onu yaxa-paça sürüyüb mənzilindən çıxarıblar.
Bundan sonra ekskavator sözügedən evi dağıtmağa başlayıb.
Həmin görüntüləri təqdim edirik:
Almaz Qasımova