Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda Ebola həyəcanı
Son zamanlar Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasına 8 nəfər müraciət edib.
Oxu.Az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında stansiyanın direktor müavini Şair Qurbanov bildirib.
O qeyd edib ki, həmin vətəndaşlar Ebola virusuna tutulduqlarından ehtiyat edərək müraciət ediblər: “Onları müayinə etdik. Əslində həmin vətəndaşların sadəcə temperaturları var idi. Biz də onları başa saldıq ki, əgər xaricdə olmayıblarsa, Ebola virusu yayılan ölkələrə getməyiblərsə, həmin xəstələrlə təmasda olmayıblarsa, virusa tutula bilməzlər”.
Ş.Qurbanov vurğulayıb ki, Ebola yayılmış ölkələrə Azərbaycandan kimsə təsadüfən gedə bilər: “O ölkələrə yalnız diplomatların getməsi mümkündür. Əgər vacib bir iş yoxdursa, həmin ölkələrə getməyə ehtiyac yoxdur. Xaricə gedən vətəndaşlar şübhəli xəstələrlə təmasda olmamalıdırlar. Çünki o xəstəlik öskürək yolu ilə deyil, insandan ayrılan maddələrlə - qan, tərlə keçə bilər”.
Ş.Qurbanovun sözlərinə görə, sərhəd keçid məntəqələrində fəaliyyət göstərən sanitar-karantin məntəqələri gediş-gəlişə səlahiyyətləri çərçivəsində nəzarət edirlər: “Onların işi il boyu ölkəmizə daxil olan şəxslərlə sorğu aparmaq, onların temperaturunu ölçmək, xəstəlik aşkarlanan şəxsləri müayinə edib, digər tədbirləri görməkdir”.
Qeyd edək ki, Ebola virusu ilə bağlı Respublika Taun Əleyhinə Stansiyasında “qaynar xətt” (530-32-13) yaradılıb.
Rəylər