Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA
"Azərbaycanda güclü, dağıdıcı zəlzələlərin baş verəcəyinə dair verilən "proqnozlar"ın heç bir elmi və məntiqi əsası yoxdur və vətəndaşlarımız bu cür əsassız məlumatlardan narahat olmasınlar".
"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.
O bildirib ki, son günlər bəzi media orqanlarında bu il Azərbaycanda güclü zəlzələlər olacağına dair məlumatlar yayılır:
"Bildirmək istəyirəm ki, Azərbaycan ərazisi Alp-Himalay qırışıqlıq zonasında yerləşir. Təkcə bizim ölkəmiz deyil, ümumilikdə Cənubi Qafqaz regionu seysmik baxımdan aktiv bölgədir. Seysmik aktiv bölgələrdə zəlzələlərin qeydə alınması ərazinin seysmikliyi ilə əlaqədardır və hər gün təkcə bizim ölkəmizdə deyil, bütün dünyadakı aktiv bölgələrdə yüzlərlə kiçik təkanlar qeydə alınır. Bu zəlzələlərin əksəriyyəti xırda təkanlar olduğuna görə Yer səthinə gəlib çatmır və insanlar tərəfindən hiss olunmur. Bununla belə seysmik bölgələrimizdə vaxtaşırı maqnitudası 4, bəzən 4-dən bir qədər çox, 5 və ya 5-dən bir qədər yüksək olan, insanlar tərəfindən hiss olunan zəlzələlər də qeydə alınır".
O vurğulayıb ki, il ərzində seysmik stansiyalar Azərbaycan ərazisində 4000-5000, bəzi hallarda isə 6000-ə yaxın zəlzələ qeydə alır:
"Onların arasında maqnitudası 4-5 olan hiss olunan zəlzələlər də olur ki, bu da yuxarıda qeyd etdiyim kimi ərazimizin aktiv bölgədə yerləşməsi ilə bağlıdır. Yəni burada qeyri-adi və proqnozluq heç nə yoxdur. Bu, bütün seysmik baxımdan aktiv olan bölgələr üçün xarakterik bir haldır. O ki qaldı, Azərbaycanda güclü, dağıdıcı zəlzələlər gözlənildiyi barədə "proqnozlara" bildirmək istəyirəm ki, zəlzələ bu günə qədər dəqiq proqnozu olmayan təbiət hadisəsidir. Heç kim deyə bilməz ki, zəlzələ baş verəcək, yaxud baş verməyəcək. Çünki bütün dünyada zəlzələnin dəqiq proqnozu yoxdur. Bunun da əsas səbəbi zəlzələ ocaqlarının Yerin dərin qatlarında yerləşməsi ilə bağlıdır. Odur ki, ölkəmizdə güclü, dağıdıcı zəlzələlərin baş verəcəyinə dair verilən "proqnozlar"ın heç bir elmi və məntiqi əsası yoxdur və vətəndaşlarımız bu cür əsassız məlumatlardan narahat olmasınlar".
Rəylər