Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Alimi avtomobili ilə vuraraq öldürən Azər Maqsudov haradadır?
Noyabrın 15-də piyadanın ölümü ilə nəticələnən qəzanı törətmiş həkim Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri kimi vəzifəsini davam etdirir.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, hazırda işinin başındadır.
A.Maqsudov tibb elmləri namizədi, toksikologiya üzrə mütəxəssisdir. Peşəkar həkim 1989-cu ildən o zamankı “Semaşko” xəstəxanasında (hazırkı Kliniki Tibbi Mərkəz - red.) Toksikologiya şöbəsində çalışır. O, 1998-ci ildən isə Toksikologiya şöbəsinin müdiridir.
Xatırladaq ki, Azər Maqsudov noyabrın 15-i saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. Dərhal A.Maqsudov özü A.Acaloğlunu Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəvəti ilə Bakıya gəlibmiş. O, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ”Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda noyabrın 16-da keçirilmiş beynəlxalq elmi konfransa dəvət olunubmuş.
Rəylər